REGİONLAR
Dünya Bankının regional direktoru Masallıda Qadın İnkişaf və Müəssisə Qrupunun üzvləri ilə görüşüb
Masallı, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molenös Masallı rayonunun Çaxırlı kəndində fəaliyyət göstərən “Cənub” Qadın İnkişaf və Müəssisə Qrupunda Azərbaycan Kənd Qadınları Assosiasiyasının Bərdə, Ağcabədi, Ağdam, Neftçala, İmişli, Saatlı, Masallı və Lənkəran rayonlarında fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qrupunun nümayəndələri ilə görüşüb.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvi, əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı, ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Zaur Rzayev, icraçı direktorun müşaviri Namiq Nağdəliyev, layihə üzrə köməkçi Səbinə Məcidova, Aqrar Kreditlər və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev, Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) direktoru Sübhan Əsgərov iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə qadın özünədəstək qrupları modeli, kənd qadınlarının sosial və iqtisadi inkişafındakı rolu, bu sahədə qazanılmış nailiyyətlər və Assosiasiyanın inkişaf perspektivləri müzakirə olunub.