ELM VƏ TƏHSİL
Dünya Bankının təhsil missiyası UNEC ilə əməkdaşlığın faydalı olacağını bildirib
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Dünya Bankının təhsil missiyasının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Dünya Bankının proqram rəhbəri Lire Ersado və baş iqtisadçıları İqor Xeyfets ilə Katia Herrera Sosa universitetin rektoru, professor Ədalət Muradovla görüşüblər.
Qonaqlar bildiriblər ki, səfərin məqsədi Azərbaycanın hökumət tərəfdaşları ilə ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanlarını müzakirə etmək, sektorun innovasiya və özəl sahənin inkişafı üçün hazırlığını qiymətləndirməyə təşəbbüs göstərməkdir. Onlar bu istiqamətdə görüləcək işlər üçün UNEC-in pilot universitet seçildiyini bildiriblər. Həmçinin UNEC ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıblar.
Belə önəmli bir missiyanın yerinə yetirilməsində UNEC-in pilot universitet kimi seçilməsindən məmnunluğunu ifadə edən Ə.Muradov əməkdaşlığa hazır olduğunu bildirib. O, qonaqlara UNEC-in tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verib.
Görüşdə universitetin biznes qurumları ilə əlaqələrindən, ilk dəfə burada yaradılan İnnovativ Biznes İnkubatorun (İBİ) fəaliyyətindən bəhs edilib. İBİ-də üç startap layihəsinin “Enactus” beynəlxalq proqramının “World Cup” yarışına vəsiqə qazanması qonaqların diqqətinə çatdırılıb. Bundan başqa, Azərbaycanda ilk dəfə UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun SOCAR-ın sifarişi əsasında həyata keçirdiyi “AzərLayt” neftinin dünya bazar qiymətinin proqrozlaşdırılması modelinin hazırlanması təqdirəlayiq hesab edilib.
UNEC-dən ixraca dəstək və biznes qurumları ilə əlaqələri genişləndirmək məqsədilə görülən işlərdən bəhs edən rektor xarici ticarətə dəstək və digital marketinq mərkəzlərinin yaradıldığını bildirib. O, Xarici Ticarətə Dəstək Mərkəzinin ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi, onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcəyini qeyd edib. Digital Marketinq Mərkəzinin isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacağını vurğulayıb.
Görüşdə UNEC ilə biznes sektorunun münasibətlərinin genişləndirilməsi və daimi xarakter alması, iş dünyasının marağına səbəb olacaq layihələrin işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.