CƏMİYYƏT
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş açıq dərs keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Zoom” platforması üzərindən Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib. Vebinarda nazirliyin əməkdaşları ilə yanaşı, Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllim və direktorları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan -zadə Dünya Ekoloji Təhsil Gününün ətraf mühit problemlərinin ictimaiyyətə çatdırılması, gələcəkdə baş verə biləcək fəsadların qarşısının alınması üçün bir çağırış olduğunu bildirib. O ekoloji maarifləndirmə və təbliğat işlərinin ətraf mühitin qorunmasında vacib rol oynadığını qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ekoloji təhsilin daha geniş kütləyə çatdırılması, ekoloji mədəniyyətin formalaşdırılması, ətraf mühitin mühafizəsində ictimaiyyətin rolunu artırmaq üçün tədbirlər görüldüyünü və çağırışlar edildiyini bildirib.
S.Məmmədova ölkəmizdə meşələrin, yaşıllıqların mühafizəsi, bərk tullantıların idarə olunması sahəsində, plastik və polietilen tullantılarla mübarizədə görülən işlər barəsində məlumat verib və qəbul olunan dövlət proqramlarından danışıb. O, “Təbiəti dəyişmə, özünü dəyiş” mövzusunda təqdimat edib və plastik tullantıların ətraf mühitə zərəri, onunla mübarizə üsulları barədə məlumat verib.
Abşeron Milli Parkının direktoru Etibar İbrahimov, Göygöl Milli Parkının əməkdaşı Fuad Quliyev çıxış edərək bildiriblər ki, milli parklara gələn turistlər təbiətin füsunkar gözəlliklərindən zövq almaqla yanaşı, həm də maarifləndirilir, milli parklarda müxtəlif ekoloji tədbirlər və məktəblilər üçün açıq dərslər keçirilir. Onlar təbiətə sevginin, ekoloji tərbiyənin kiçik yaşlarda formalaşdırılmasının əhəmiyyətindən bəhs edib, hər kəsi ətraf mühitin qorunmasında birlik nümayiş etdirməyə səsləyiblər.
Nazirliyin mütəxəssisləri tədbir iştirakçılarına Azərbaycan təbiəti, onun qorunması ilə bağlı məlumat və tövsiyələr veriblər. Bununla yanaşı, milli parklar haqqında çəkilmiş film və reportajlar nümayiş etdirilib.
Tədbir zamanı, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış Azərbaycan və rus dillərində “Plastik - bizim həyatımızda 5 dərs” metodiki vəsaitin təqdimatı da olub.