İQTİSADİYYAT
Dünya Gömrük Təşkilatının Bakıdakı regional qurumlarının səmərəliliyinin artırılmasının perspektivləri müzakirə olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Dünya Gömrük Təşkilatının Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılmasının perspektivləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Filippin Respublikasının paytaxtı Manila şəhərində Dünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Dünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş zamanı aparılıb.
Azərbaycan Gömrük Xidmətinin Dünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən söhbət açıb. DGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən komitə sədri, eləcə də DGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətinə toxunub. Qeyd edilib ki, DGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində indiyədək bir sıra beynəlxalq və regional əhəmiyyətli seminarlar keçirilib. Bu günlərdə isə ofisdə Əfqanıstan gömrükçüləri və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün seminarın təşkil olunduğu da diqqətə çatdırılıb.
Aydın Əliyev ötən il Bakı şəhərində keçirilən DGT-nin 10-cu illik PICARD konfransının nəticələrinə də toxunaraq, bu tədbirin gömrük sahəsində elm, tədris və tədqiqat məsələlərinin ətraflı müzakirə olunmasına, qarşılıqlı dialoqa və fikir mübadiləsinə imkan yaratdığını bildirib. Komitə sədri vurğulayıb ki, akademik tədqiqatların və təhsilin əhəmiyyətini və onun faydalarını tam dərk edən Azərbaycan Gömrük Xidməti gömrük təhsilinin təbliği istiqamətində inamlı addımlar atır.
DGT-nin baş katibi Kunio Mikuriya beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi Azərbaycanda gömrüyün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verilməsindən razı qaldığını bildirib. Rəhbəri olduğu təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunu yüksək qiymətləndirən baş katib DGT ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, DGT-nin Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.
Kunio Mikuriya qeyd edib ki, DGT-nin 10-cu illik PICARD konfransının Bakı şəhərində keçirilməsi həqiqətən mühüm hadisə idi və Bakı konfransı gömrük işində peşəkarlığın artırılması və elm sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda faydalı olub.