İQTİSADİYYAT
Dünya İqtisadi Forumu: Yoluxucu xəstəliklər və dolanışıq böhranları qısa müddətdə təhlükə yaradacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Yoluxucu xəstəliklər və dolanışıq böhranları qarşıdakı 2 ildə dünya üçün kritik təhlükə yaratması gözlənilən risklər sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumu (WEF) məlumat yayıb.
WEF-ə görə, dünyada qarşıdakı 2 ilə ən çox təsir edəcək qlobal risklər COVID-19 ölümləri və epidemiyanın iqtisadi təsirləri olacaq. COVID-19 yoxsulluğun və bərabərsizliyin azaldılması istiqamətində illərdir əldə olunan irəliləyişi ləngidir, sosial birliyi və qlobal əməkdaşlığı daha da zəiflədir. Ən mühüm ortamüddətli qlobal risk kimi isə aktivlərin qiymətinin şişirdilməsi göstərilir. Böyük iqtisadiyyatlarda mənzil, pay fondları, səhmlər və digər aktivlərin qiymətləri getdikcə real iqtisadiyyatdan uzaqlaşır. Gənc nəsil isə son 10 ildə artıq ikinci böyük qlobal iqtisadi böhranın şahidi oldu. Bu nəsil təhsil, iqtisadi perspektivlər və psixi problemlər kimi ciddi çətinliklərlə qarşılaşdı.