İDMAN
Dünya Karate Federasiyası 50 illik yubileyini qeyd edir
Bakı, 12 oktyabr, AZƏRTAC
Dünya Karate Federasiyası (WKF) təsis olunmasının 50 illik yubileyini qeyd edir.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq qurum yaradılmasının 50 illik yubileyi münasibətilə xatirə loqotipini təqdim edib.
Yubiley münasibətilə dünya karate ictimaiyyətini təbrik edən WKF-in prezidenti Antonio Espinos pandemiya dövrü olduğundan bu bayramı təntənə ilə qeyd etməyin mümkün olmamasından təəssüfləndiyini vurğulayıb: “Bu il biz Tokioda ilk dünya çempionatının keçirildiyi və Olimpiya Oyunlarının karate yarışlarının təşkilinin nəzərdə tutulduğu Nippon Budokan arenasında təşkilatın 50 illik yubileyini qeyd etmək istəyirdik. Olimpiadanın 2021-ci ilə keçirilməsi və pandemiyanın fəsadları bizim bu yubiley planlarımıza mane oldu. Karatenin inkişafına əmək sərf edən və uğurlarına çalışan hər kəsə minnətdarlığımı bildirirəm”.
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi bu münasibətlə ölkənin karate ictimaiyyətini təbrik edib, idmançılarımıza qarşıdakı yarışlarda zəfərlər arzulayıb.
Dünya Karate Federasiyası 1970-ci ilin oktyabrın 10-da Yaponiyanın paytaxtı Tokioda dünya çempionatından əvvəl Baş Assambleyanın ilk yığıncağında yaradılıb. Ötən dövrdə inkişaf edən bu qurum hazırda 100 milyondan çox insanı birləşdirməklə müasir beynəlxalq təşkilatlardan birinə çevrilib. Karate ilk dəfə Tokio Olimpiya Oyunlarının proqramına daxil edilib.