CƏMİYYƏT


Dünya Meteorologiya Təşkilatının fikrincə, Avstraliyada fəlakətli vəziyyət yaranıb

Bakı, 13 noyabr, AZƏRTAC 

Avstraliyada tüğyan edən meşə yanğınları minlərlə kilometr ərazini əhatə edir. Meşələrlə yanaşı, orada yaşayan heyvanlar, o cümlədən koalalar da məhv olur. Son istirahət günlərində üç nəfər həlak olub. Yeni Cənubi Uels və Kvinslend ştatları od içindədir.

AZƏRTAC BMT-nin xəbər saytına istinadla bildirir ki, BMT-nin sinoptik-ekspertləri və Avstraliyanın hakimiyyət orqanları ölkə sakinlərini sayıq olmağa çağırırlar.

Dünya Meteorologiya Təşkilatının (DMT) mətbuat katibi Kler Nullis Avstraliyada fəlakətli vəziyyət yarandığını bildirib. Burada eyni vaxtda davam edən yanğınlar yeni-yeni meşə massivlərini bürüyür. Kler Nullis qeyd edib ki, Avstraliyanın hakimiyyət orqanları yanğın təhlükəsinin fəlakətli həddə çatması barədə xəbərdarlıq ediblər. Təşkilatların sakinlərə ünvanlanmış əsas çağırışı belədir: “Qaçmaq, xilas olmaq lazımdır”.

Sinoptiklərin proqnozlarına görə, quraqlıq hava hələ xeyli davam edəcək, yaxın günlərdə yağış yağacağı gözlənilmir. DMT-nin mətbuat katibi deyib: “Yanğınların səbəbləri çoxdur: torpaqda rütubətin aşağı səviyyəsi, havanın temperaturunun yüksək olması, küləyin istiqaməti və sürəti”.

Onun sözlərinə görə, Yeni Cənubi Uels ştatında fövqəladə vəziyyət elan edilib. Bu ştatın bəzi hissələrində, həmçinin Böyük Sidney və Kvinslend rayonlarında fəlakətli yanğın vəziyyəti yaranıb. Bu, mürəkkəblik dərəcəsi ən yüksək olan yanğındır. Son illərdə Avstraliyada meşələrin və cəngəlliklərin yanmasının geniş miqyas alması ötən əsrdə havanın sürətlə istiləşməsi ilə bağlıdır.

Kler Nullis deyib: “Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, bu ilin yanvar-oktyabr aylarını əhatə edən dövr son 110 ildə ən isti mövsüm olub”.

Son illərdə qızmar günlərin sayı kəskin şəkildə artıb. Nullis deyib: “Son onilliklərdə bir sıra regionlarda yanğınların çox geniş miqyas alması yanğınların daha uzun müddət davam etməsi, iqlim dəyişmələri, o cümlədən temperaturun yüksəlməsi ilə bağlıdır”.

DMT-nin məlumatına görə, Avstraliyanın risk zonalarında yerləşən bir sıra rayonlarında son günlərdə havanın temperaturu 35 dərəcədən yuxarıdır, küləyin sürəti isə saatda 60-80 kilometrə çatır.

1967-ci ildən 2013-cü ilə qədər olan dövrdə Avstraliyada iri meşə yanğınları nəticəsində 433 nəfər həlak olub, daha 8 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Bu dövr ərzində meşə yanğınlarının vurduğu maddi ziyan təqribən 3,2 milyard dollara bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.