İQTİSADİYYAT
Dünya Poçt İttifaqının payız sessiyası başlayıb
İsveçrənin Bern şəhərində Dünya Poçt İttifaqının (ÜPİ) Poçt Əməliyyatları Şurası (PƏŞ) və Administrativ Şurasının (AŞ) birgə sessiyası başlayıb. Sessiyada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin meneceri Vüsal Mirzəyev də iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, noyabrın 14-dək davam edəcək payız sessiyasının gündəliyinə ÜPİ-yə üzv ölkələrin poçt xidmətlərinin təkmilləşdirilməsinə dair bir çox məsələlər daxildir. Sessiyanın ikinci həftəsindən etibarən Avropa Şurasının bir sıra layihə qruplarının işi başlayacaq. Həmçinin ÜPİ-nin QSF (Quality Servise Fund) üzrə Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) iclaslarının keçirilməsi də nəzərdə tutulur.
Bu tədbirlərdə dünya ölkələri tərəfindən ÜPİ katibliyinə təqdim olunmuş layihələr, həmçinin layihələrin həyata keçirilməsi üzrə yekun hesabatlar, Azərbaycan poçtu üçün də aktual olan mövzular və digər məsələlər müzakirə olunacaq.
Sessiya plenar iclaslarla yekunlaşacaq.