ELM VƏ TƏHSİL
“Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” mövzusunda layihəyə start verilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən (UGİM) “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” mövzusunda layihəyə start verilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində şəhid övladlarının əl işi və rəssamlıq bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Layihəyə 50-dən çox şəhid övladı cəlb olunub. Uşaqlar kətan üzərində akril və yağlı boyalarla Azərbaycanı dünyada tanıdacaq mövzularda rəsmlər üzərində çalışırlar.
Qeyd edək ki, şəhid övladlarının çəkdiyi rəsm əsərləri Azərbaycan Rəssamlar İttifaqının xətti ilə dünyanın məşhur sərgi salonlarında nümayiş olunacaq.