DÜNYA


Dünya Səhiyyə Təşkilatı: Konqoda Ebola virusundan ölənlərin sayı 600-ü ötüb

Cenevrə, 25 mart, AZƏRTAC

Dünyanın ən təhlükəli yoluxucu xəstəliklərindən biri olan Ebola virusu Konqo Demokratik Respublikasında 629 insanın həyatına son qoyub.

AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi qərargahı Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatı (DST) məlumat yayıb. Təşkilatın məlumatına görə, epidemiya əsasən ölkənin şərq regionlarında tüğyan edir.

Ölkənin səhiyyə qurumlarının məlumatına əsasən, hazırda epidemiyaya yoluxanların sayı rəsmi olaraq 1009 nəfərdir. Qeyri-rəsmi rəqəmlər barədə məlumat əldə etmək çətindir. Çünki Konqonun şərq regionlarında silahlı qarşıdurmalar buradakı tibbi təminatla bağlı durumu daha da ağırlaşdırır.

Qeyd edək ki, hazırkı epidemiya Ebola virusunun bu ölkədə sayca onuncu dəfə geniş miqyasda yayılmasıdır. Əhalinin dövlət qurumlarına inamsızlığı, eləcə də epidemiya barədə maariflənmə işinin aşağı səviyyədə olması virusa qarşı peyvənd işlərinin aparılmasına əlavə əngəllər törədir. Bununla belə DST-nin məlumatına əsasən ciddi rejimdə müalicə nəticəsində təxminən 300 nəfər bu xəstəlikdən sağalıb.

Ötən ilin avqustundan etibarən ölkədə 90 min insana Ebola virusuna qarşı sınaq məqsədli peyvənd edilib. Bu da 2014-2015-ci illə müqayisədə epidemiya nəticəsində ölənlərin sayının az olacağına ümid verir. Həmin vaxt Qərbi Afrikada yayılan epidemiya 11 mindən artıq insanın həyatına son qoymuşdu.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.