DÜNYA


Dünya Səhiyyə Təşkilatı: Malyariya epidemiyası hər iki dəqiqədə bir körpənin həyatına son qoyur

Cenevrə, 19 noyabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının noyabrın 19-da yaydığı məlumatda son illərdə müxtəlif ölkələrdə malyariyanın ciddi təhlükə yaratdığı qeyd edilir.

AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq qurumun statistikasına görə, xəstəlik dünyada hər iki dəqiqədə bir körpənin ölümünə səbəb olur. Hesabatda göstərilir ki, 2017-ci ildə dünyada malyariyaya yoluxma statistikasına 2 milyon hal əlavə olunub və ümumilikdə 219 milyon yoluxma halı qeydə alınıb. Yoluxmaların təxminən 90 faizi Afrika qitəsində baş verib və ötən il 451 min insan bu xəstəliyin qurbanı olub. 2016-cı ildə isə epidemiyadan ölənlərin sayı nisbətən az – 435 min nəfər olub. Epidemiyadan ölənlərin böyük hissəsi (266 min nəfər) beş yaşadək uşaqlardan ibarətdir ki, bu da təşkilat üçün acınacaqlı vəziyyət hesab olunur. Hesabatda qeyd edilir ki, əslində dəf edilməsi mümkün ola bilən xəstəlikdən hər iki dəqiqədə bir körpənin dünyasını dəyişməsi qəbuledilməz haldır.

Dünya Səhiyyə Təşkilatı 2010-2015-ci illərdə Afrikada malyariyaya qarşı mübarizədə uğurlar əldə etsə də, 2016-cı ildən başlayaraq yoluxma hallarının sayı artıb. Əsas problemli ölkələr Nigeriya, Mozambik və Konqodur.

Təşkilat dünya ölkələrini malyariyaya qarşı peyvəndvurma tədbirlərini gücləndirməyə, yoxsul ölkə və regionlara maliyyə dəstəyini artırmağa, eləcə də əhali arasında bu xəstəliklə bağlı maarifləndirmə işi aparmağa və profilaktik tədbirlər görməyə çağırıb.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.