CƏMİYYƏT
Hazırda 15-19 yaş arası gənclərin təxminən 27 faizi spirtli içki qəbul edir
Bakı, 24 sentyabr, AZƏRTAC
“Dünya Səhiyyə Təşkilatının alkoqollu içkilər və 2018-ci ildə ümumi sağlamlıq sahəsinə dair qlobal məruzə”sində dünyada alkoqollu içkilər və onların yaratdığı fəsadlar barədə geniş məlumat verilir. Məruzədə həmçinin dünya ölkələrinin bu problemin aradan qaldırılması istiqamətində gördüyü işlər də öz əksini tapır.
AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) informasiya portalına əsasən xəbər verir ki, alkoqollu içki səbəbindən dünyasını dəyişənlərin 28 faizini yol qəzaları nəticəsində həlak olanlar təşkil edir. Bu ölümlərin 21 faizi içki səbəbindən həzm prosesinin pozulması, 19 faizi ürək-damar sistemi xəstəlikləri, digərləri isə infeksion və onkoloji problemlər, psixi və orqanizmdə baş verən digər pozuntuların payına düşür.
2010-cu ildən etibarən dünya üzrə bu problemin aradan qaldırılması istiqamətində qlobal səviyyədə işlərin görülməsinə baxmayaraq, müxtəlif ölkələrin statistik göstəricilərinə əsasən problem yolverilməz dərəcədə kəskindir. Bu göstəricilər xüsusilə Avropa ölkələri və ABŞ-da daha qabarıq şəkildə özünü büruzə verir.
Hesablamalara əsasən 237 milyon kişi və 46 milyon qadın alkoqol səbəbindən müxtəlif sağlamlıq pozuntularından əziyyət çəkir.
Mütəxəssislər bildirirlər ki, on il sonra bu problem daha da qabarıq şəkil ala bilər. Hazırda dünya əhalisinin təxminən 2,3 milyardı mütəmadi olaraq spirtli içki qəbul edir. Bu göstəricinin Cənub-Şərqi Asiya ölkələrində, Sakit okeanın qərb hissəsində və ABŞ-ın bir sıra bölgələrində daha da artacağı proqnozlaşdırılır.
Araşdırmalar onu da göstərib ki, hazırda orta hesabla adi insanın günlük alkoqol qəbulu 33 qram təmiz spirt təşkil edir ki, bu da təxminən iki badə təmiz çaxıra bərabərdir. Hazırda 15-19 yaş arası gənclərin təxminən 27 faizi spirtli içki qəbul edir. Bu sahədə ən yüksək göstərici Avropa ölkələrində qeydə alınıb - 44 faiz.
Dünyada ümumi qəbul olunan spirtli içkilərin 45 faizi yüksək dərəcəlidir.
Hesablamada o da bildirilir ki, dünyada 15 yaşdan yuxarı insanların təxminən 3,1 milyardı ümumiyyətlə spirtli içki içmir.