CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatının Baş direktoru: Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir

Bakı, 14 avqust, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının Baş direktoru Dr.Tedros Adhanom Qebreyesus səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Məktubda səhiyyə nazirinə 4-6 iyul 2018-ci il tarixlərində Azərbaycana səfər imkanının yaradılmasına görə təşəkkür və minnətdarlıq bildirilib, Səhiyyə Nazirliyinin 100 illik yubileyi təbrik edilib.

Baş direktor bildirib: “Ölkənizin yüksək vəzifəli nümayəndələri ilə keçirilən görüşlər və Davamlı İnkişaf Məqsədləri (DİM) Konfransında iştiraka əsasən deyə bilərəm ki, Azərbaycanın DİM-in tətbiqi və hər kəs üçün sağlamlıq hədəflərinə sadiqliyi digər ölkələr üçün örnəkdir.

Ölkəniz və DST arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə imzalanan birgə bəyanat səfərin ən əhəmiyyətli hissəsi oldu.

DİM-in tətbiqi üçün ölkədə mövcud olan siyasi iradə, o cümlədən malyariya, poliomielit və qızılca kimi xəstəliklərin aradan qaldırılması da daxil olmaqla, Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlar məni həqiqətən valeh etdi. Müzakirə etdiyimiz kimi, səhiyyənin profilaktikası universal səhiyyənin əsasını təşkil edir, xəstəliklərin qarşısının vaxtında alınması və sağlamlığın təşviqi, qeyri-infeksion xəstəliklərin aradan qaldırılması kimi əsas aspektləri özündə cəmləşdirir.

Səfər çərçivəsində Azərbaycanın üç rayonunda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi və uğurla həyata keçirilməsi haqda məlumatlanmaq çox maraqlı idi. DST-nin ölkə və regional ofisləri vasitəsilə ölkənizdə ilkin səhiyyə və tibb sahəsinin maliyyələşdirilməsi kimi iddialı planların irəliləməsi istiqamətində lazımi dəstəyi göstərməyə hazırıq.

Mən, xüsusən Milli Onkologiya Mərkəzində təşkil olunan səfər və buradakı heyətin əzmkarlığını və peşəkarlığını, o cümlədən mərkəzdə pasiyentlərə, eləcə də onların yaxınlarına göstərilən diqqət və qayğını, ümumiyyətlə Azərbaycanın səhiyyə sisteminin səmərəliliyini yüksək qiymətləndirdim.

Eyni zamanda, ölkənizdə həbsxanalarda vərəmin qarşısının alınması və nəzarət məqsədilə yaradılan Əməkdaşlıq Mərkəzini nəzarətdə saxlayacağıq. Çünki bu, vərəmlə mübarizədə unikal nümunədir. Risk qrupuna daxil olan əhaliyə xidmət kimi inklüziv yanaşma may ayında Dünya Səhiyyə Assambleyasında DST-yə üzv dövlətlər tərəfindən qəbul edilmiş Ümumi İş Planına tam olaraq uyğun modeldir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.