CƏMİYYƏT
Dünya Səs Gününə həsr olunmuş tədbirlər keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Hər il aprelin 16-sı Dünya Səs Günü kimi qeyd olunur. Onun keçirilməsində əsas məqsəd ictimaiyyətə səsin rolu və əhəmiyyəti, yaranan problemlərin müalicə-profilaktik həlli prinsipləri haqqında informasiya verməkdir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu qulaq-burun-boğaz xəstəlikləri kafedrasının əməkdaşı, kafedranın nəzdində fəaliyyət göstərən “Səs laboratoriyası” və “VoiceDr Səs klinikası”nın rəhbəri, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimlinin AZƏRTAC-a verdiyi məlumata görə, Dünya Səs Günü münasibətlə apreldə üç tədbir - Milli Konservatoriyada “Səs: tibbin və incəsənətin kəsişdiyi nöqtə” mözusunda seminar, “Ambassador” oteldə “Larinqologiyanın baş ağrısı - qırtlaq iflicləri” mövzulu elmi-praktik konfrans və Avroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun “Volume” vokal məktəbində “Professional səs” mövzusunda konfrans keçirilib.
Həmin tədbirlərdə tibb üzrə fəlsəfə doktorları Ramil Həşimli, Afaq Abbasova və Araz Əliyev, həkimlər Dilşad Şadlinskaya və Kamil Süleymanov səs problemlərinin müayinə və müalicəsi barədə mühazirə oxuyublar.