CƏMİYYƏT
Dünya Skaut Konfransının ikinci günü: skaut hərəkatının 3 illik planının hədəfləri müzakirə edilib
Bakı, 15 avqust, AZƏRTAC
Dünya Skaut Konfransının ikinci günündə avqustun 15-də iştirakçılar Dünya Skaut Hərəkatının 3 illik planının (2017-2020) hədəfləri ilə bağlı müzakirələr aparıblar.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində keçirilən sessiyalarda, həmçinin skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətinin formalaşdırılması, qarşıdakı dövr üçün rəhbər orqanlara seçkilərin keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Bundan başqa, Dünya Skaut Komitəsinə 2017-2020-ci illər üzrə namizədlərin təqdimatı olub. Ümumilikdə 19 nəfərin namizədliyi irəli sürülüb. Namizədlər arasında Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllının da adı var.
41-ci Dünya Skaut Konfransı çərçivəsində avqustun 16-da Cambori Dünya Skaut toplantısı keçiriləcək.
Qeyd edək ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına və iştirakçıların sayına görə skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük tədbirlərdir.