ELM VƏ TƏHSİL
Dünya Ticarət Təşkilatı azərbaycanlı tələbələrə təşəkkür edib
Bakı, 15 avqust, AZƏRTAC
Dünya Ticarət Təşkilatı “Twitter” səhifəsində Qərbi Kaspi Universitetinin tələbələrinin fotosunu paylaşaraq beynəlxalq ticarət barədə müzakirələrə görə təşəkkür edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə həyata keçirilən ikili diplom layihəsi çərçivəsində bu günlərdə növbəti dəfə İsveçrədə, UBIS-də təcrübədə, bir sıra mühazirələrdə və praktik məşğələlərdə iştirak edib, eləcə də bir neçə təşkilatda müzakirələrə qatılıblar. Belə görüşlərdən biri Dünya Ticarət Təşkilatının ofisində bu qurumun mütəxəssisləri ilə keçirilib. Görüşdən sonra təşkilat özünün “Twitter” səhifəsində tələbələrimizin fotosunu paylaşaraq maraqlı müzakirələrə görə təşəkkür edib.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti UBIS ilə MBA proqramı çərçivəsində (ikili diplom layihəsi) əməkdaşlıq edir. Proqram çərçivəsində dərslər Qərbi Kaspi Universiteti və UBIS-in müəllimləri tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr diplomlarını əldə edirlər.