MƏDƏNİYYƏT
Dünya Turizm Təşkilatının eksperti Azərbaycanda bir sıra işgüzar görüşlər keçirmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı (DTT) ilə birlikdə Azərbaycanın turizm potensialının təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də DTT-nin təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsidir.
DTT-nin ekspert missiyası bu layihənin potensialının qiymətləndirilməsi məqsədi ilə regionda səfərdədir. Noyabrın 27-dan 30-dək Qazaxıstanda olan missiya dekabrın 1-dən 4-dək ölkəmizdə görüşlər keçirmişdir. Dekabrın 4-dən etbarən isə DTT-nin missiyası Rusiyada səfərdədir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Turizm Təşkilatının eksperti Robert Kleverdonun Azərbaycana səfəri zamanı Bakı Dəniz Limanının və Azərbaycan Turizm Assosiasiyasının rəhbərlikləri, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan şirkət nümayəndələri ilə görüşlər keçirilmiş və bu istiqamətdə perspektivlər müzakirə olunmuşdur. Qonaq, həmçinin Bakının görməli yerləri, mədəni-tarixi abidələri, muzeyləri, o cümlədən milli mətbəx və musiqimizlə tanış olmuşdur.
DTT-nin ekspertinin regiona səfərindən sonra ölkəmiz üçün də əhəmiyyət daşıyan bu kruiz marşrutunun reallaşması istiqamətində addımların atılması gözlənilir.