ELM VƏ TƏHSİL
Dünya Xalqlarının Eposları Festivalında erməni təxribatı baş tutmadı
Bakı, 1 iyun, AZƏRTAC
Dünya Bankının maliyyə dəstəyi ilə artıq yeddinci dəfə təşkil olunan Dünya Xalqlarının Eposları Festivalında və “Söyləyicilərin zaman və məkanla bağlı mətni” mövzusunda elmi-praktik simpoziumda Ermənistan nümayəndələri də iştirak edib və hər məsələdə olduğu kimi, burada da təxribat törətməyə çalışıblar. Belə ki, ilkin proqramda onların bir nümayəndəsinin təxribat xarakterli məruzəsinin olduğunu görən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi azərbaycanlı nümayəndəyə – professor Ramazan Qafarlıya bu məruzəyə rəy verməsini xahiş edib.
Bununla bağlı AZƏRTAC-a açıqlama verən AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı bildirib ki, erməni tədqiqatçı Samvel Ramazyan “Koroğlu” eposunun erməni versiyasının əlyazma mənbələr və yazıya alınmış rəvayətlər əsasında tədqiqi” mövzusunda məruzə etməli idi. Məruzədə belə bir fikir irəli sürülmüşdü: guya “Koroğlu” eposunun Qərb və Şərq versiyalarının bir-birindən tipoloji fərqi ondadır ki, Qərb versiyası (o cümlədən erməni) İran əyaləti olan Azərbaycanda (Aturpatakan) yazıya alınıb və 1842-ci ildə A.Xodzko tərəfindən ingilis dilində nəşr edilib. Onun qənaətlərindən belə alınırdı ki, “Koroğlu” fars dastanıdır və onun əsasını erməni versiyası təşkil edib.
Bu məsələ ilə bağlı öz rəyimdə bildirdim ki, ilk olaraq eposun adı hər şeyi aydın bildirir və kimə məxsusluğu mübahisə obyekti ola bilməz. Hayların, ümumiyyətlə, “Koroğlu” eposu ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq mədəniyyətimizin digər nümunələrini oğurlayıb mənimsəməyə can atdıqları kimi, dünyanın iyirmiyədək xalqı arasında yayılmış (dünyada belə geniş arealda yayılan ikinci xalq dastanı yoxdur) türk eposuna da sahib çıxmaq istəmişlər. “Koroğlu”nun Xodzko tərəfindən yazıya alınmış variantı da azərbaycanlılardan Azərbaycan dilində toplanıb, sonra farscaya, fars dilindən də ingilis və digər dillərə tərcümə olunub. Əgər araşdırma müəllifi savadlı olsaydı bilməli idi ki, Xodzko özü dastanın azərbaycanlılara (və türk xalqlarına) məxsus olduğunu yazıb və hətta onu farslara qarşı döyüşən elatların epik əsəri kimi dəyərləndirib. Erməni alimlərə sual olunur: əgər onların yazdıqları kimi, “Koroğlu” eposundakı qəhrəmanlıq ruhunu ermənilər və farslar yaradıb-yaşadıblarsa, onda 44 günlük İkinci Qarabağ savaşında niyə 150-200 nəfər Azərbaycan əsgərinin qabağından 2000-dən çox təpədən-dırnağa silahlı erməni ancaq unitazları götürüb qaçdı? Onları Qarabağdan iti qovan kimi kimlər qovdu? İkincisi, ermənilərin indi məskun olduğu Zəngəzur da, İrəvan da, Göyçə də, Dərələyəz də Azərbaycan torpağıdır, Azərbaycan xalqının dədə-baba yurdudur. Koroğlunun törəmələri yaxın gələcəkdə əvvəl Xankəndini, Xocalını, sonra da İrəvanı, bütün Qərbi Azərbaycanı işğaldan azad edəcəklər.
Ramazan Qafarlının sözlərinə görə, simpoziumun təşkilat komitəsi bu rəydən sonra ermənilərə məruzənin adını dəyişdirməyi təklif edib. Beləliklə, proqramın son və əsas variantında “Koroğlu” ifadəsi məruzənin adından çıxarılıb və bu şəkildə verilib: “Dastanların əlyazma mənbələrinə və qeydə alınmış əfsanələrə əsasən tədqiqi”.
Daha maraqlısı odur ki, Ermənistandan simpoziuma qatılan dörd məruzəçi Ramazan Qafarlının moderator olduğu bölmədə çıxış edəcəklərini bildikdə, ölkələrindəki qarışıqlığı bəhanə gətirərək canlı şəkildə iştirakdan imtina edib, sonra miskin və qorxaq olduqlarını bir daha nümayiş etdirərək simpoziuma onlayn da qoşulmayıblar.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Qırğızıstanın Oş şəhərində VII Dünya Xalqlarının Eposları Festivalı və “Söyləyicilərin zaman və məkanla bağlı mətni” mövzusunda elmi-praktik simpozium keçirilib. Simpoziumda Azərbaycanı professor Ramazan Qafarlı təmsil edib. Ümumilikdə simpoziumda 20-dən çox ölkədən, o cümlədən Türkiyə, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, İran, Yaponiya, Fransa, Estoniya və Tacikistandan 60-a yaxın alim maraqlı və orijinal məruzələrlə çıxış ediblər.