İQTİSADİYYAT
Dünya azərbaycanlıları milli telekanallarımızı öz televizorlarında izləyə biləcək
Bakı,14 may, AZƏRTAC
Milli televiziya internet-platforması olan “Myvideo.az” internet vasitəsi ilə milli telekanalları izləmək üçün xüsusi “Myvideo Smart Box” cihazını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu haqda “Myvideo.az”-ın rəhbəri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, bu cihazı əldə etməklə istifadəçilər öz televizorlarında istənilən kanalı kabel televiziya operatoruna qoşulmadan izləyə biləcəklər.
“Bizim əsas məqsədlərimizdən biri dünyanın istənilən ölkəsində olan həmyerlilərimizin milli kanallarımızı izləyə bilməsinə şərait yaratmaqdır. “Myvideo.az” milli kanallarımızı daim izləmək və ölkəmizdə baş verənlərdən operativ xəbər almasına şərait yaratmaq üçün Azərbaycanın xarici ölkələrdəki səfirliklərini də “Myvideo Smart Box” cihazı ilə təmin etməyə hazırdır”, - deyə Ə.Əliyev bildirib.
Qeyd olunub ki, bu cihazın köməyi ilə nəinki milli kanallarımızı, həmçinin istifadəçinin yüklədikləri bütün videoları və “Myvideo.az” saytının bazasında olan istənilən internet-kanalları da izləmək olar. “Myvideo.az” saytının bazasında istənilən diasporamıza şəxsi sayt yaratmaq üçün şərait yaradılacaq.