SİYASƏT
Dünya azərbaycanlılarının III qurultayının Sankt-Peterburqdan olan iştirakçıları ilə görüş keçirilmişdir
Bakı, 5 avqust (AZƏRTAC). Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutunda Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları - Sankt-Peterburqda yaşayan azərbaycanlı ziyalılarla görüş keçirilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə qurultayın yekunları və yaxın dövr üçün fəaliyyət planı müzakirə edilmiş, Prezident İlham Əliyevin nitqində səsləndirdiyi “səfirliklər və diaspor təşkilatları arasında əməkdaşlıq daha güclü və məqsədyönlü olmalıdır” fikri ilə əlaqədar qarşıda duran məqsəd və vəzifələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Smolnıy İnstitutunun rektoru, fəlsəfə elmləri doktoru, professor, Sankt-Peterburqun Elm, Təhsil və İncəsənət Xadimləri Birliyinin sədri Heydər İmanov, “Arsenal” maşınqayırma zavodunun baş direktorunun birinci müavini, texniki elmlər doktoru, Sankt-Peterburqun Elm, Təhsil və İncəsənət Xadimləri Birliyinin sədr müavini Faiq Əskərov, Sankt-Peterburq çini qablar zavodunun baş direktoru Məzahir Həsənov, “Universtroy” tikinti şirkətinin baş direktoru Adil Şahmarov, Nevski rayon bələdiyyəsinin üzvü Elşad İmanov, Petroqradski rayon bələdiyyəsinin üzvü Sabir Məsimov, hüquq şirkətinin direktoru, Sankt-Peterburq vəkillər kollegiyasının üzvü, vəkil Xəqani Əliyev, Sankt-Peterburq Azərbaycanlı Qadınlar birliyinin sədri Sahibə Rzayeva və başqaları iştirak etmişlər.
Tədbir iştirakçıları Dünya azərbaycanlılarının III qurultayının yekunlarını yüksək qiymətləndirmiş, diaspor nümayəndələrinin Azərbaycanın Sankt-Peterburqdakı konsulluğu ilə sıx əlaqə yaratmalarının vacibliyini qeyd etmişlər.
Görüşdə Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayına tövsiyələri Sankt-Peterburq azərbaycanlılarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün vahid strateji xətt kimi qəbul edilmişdir.
######