SİYASƏT
Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları Suraxanıda olmuşlar
Bakı, 8 iyul (AZƏRTAC). Dünya Azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Bakıya gələn Estoniya nümayəndə heyəti Suraxanı rayonunda olmuşdur.
Estoniya nümayəndə heyəti əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara son illərdə ölkəmizdə, o cümlədən Suraxanıda həyata keçirilən islahatlar, genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermişdir.
Görüşdə, qonaqlardan Sven Sester, Yuri Vendelin və Andrey Novikov ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşmüş, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
İlqar Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 4 iyul tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunmuş Estoniya parlamentinin deputatı, Estoniya–Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyevi və “Tərəqqi” medalına layiq görülmüş Estoniyada Azərbaycan diasporunun rəhbəri Niyazi Hacıyevi bir daha təbrik etmişdir.
Qonaqlar RİH-nin foyesində Tallinn şəhərində salınacaq “Bakı parkı”nın və Suraxanıda tikintisi nəzərdə tutulmuş “Tallinn parkı”nın layihələrinə baxmışlar.
Sonra Estoniyalı qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzlə tanışlıqdan sonra qonaqlara üzərində mərkəzin rəmzi olan hədiyyələr verilmişdir.
Qonaqlar ötən il Estoniya nümayəndə heyətinin Heydər Əliyev parkında əkdiyi dostluq ağacını sulamışlar.