CƏMİYYƏT
Dünya azərbaycanlılarının bəyanatı Braziliya KİV-lərində yayımlanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Gəncə, Bərdə, Tərtər, Naftalan və digər Azərbaycan şəhərlərinin bombalanmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanan bəyanatda dünya azərbaycanlıları Ermənistanda Azərbaycana qarşı insanlıq və sülh əleyhinə olan cinayətləri törədənlərin hələ də məsuliyyətə cəlb olunmamasından təəssüf hissi keçirdiklərini ifadə ediblər.
Bəyanatda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 vətəndaşın yaralandığı qeyd edilib, dünya birliyi hüquq müstəvisində təcili tədbirlər görməyə çağırılıb.
Dünya azərbaycanlılarının bəyanatı xarici KİV-lərdə də işıqlandırılıb. Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyən Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhanın dəstəyi ilə dünya azərbaycanlılarının bəyanatı Braziliyanın internet saytında yayılıb.