REGİONLAR


Dünya çempionatında uğur qazanan güləşçilərimiz Gəncədə coşqu ilə qarşılanıblar

Gəncə, 6 avqust, Elcan Məmmədov, AZƏRTAC

Gəncə güləş məktəbinin yetirmələri Vasif Bağırov, Bəşir Verdiyev və Hüseyn Savadov İtaliyanın paytaxtı Roma şəhərində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatında uğur qazanıblar. Belə ki, Vasif Bağırov sərbəst güləş üzrə 48 kiloqram çəki dərəcəsində birinci, Bəşir Verdiyev 45 kiloqram çəki dərəcəsində ikinci, Hüseyn Savadov yunan-Roma güləşi üzrə 45 kiloqram çəki dərəcəsində üçüncü yerə layiq görülüblər.

Şəhərin Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, uğurlu nəticələr əldə edərək Vətənə qayıdan güləşçilərimiz Gəncədə coşqu ilə qarşılanıblar. Gəncənin Heydər Əliyev Park-Kompleksində, “Zəfər Tağı”nın önündə təşkil olunan qarşılanma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Onlar idmançılarımızı dünya çempionatında uğurlu nəticə əldə etmələri münasibətilə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə dünya çempionatında ilk dəfədir ki, Gəncə şəhərinin yetirməsi dünya mükafatçısı adını qazanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.