İDMAN


Dünya çempionatının biletləri satışa çıxarılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bilet satışının birinci mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, azarkeşlər biletləri FIFA-nın rəsmi saytı vasitəsilə sifariş edə bilcəklər. Satışın ilk mərhələsi fevralın 8-dək davam edəcək. Sifariş sayı mövcud yerlərin sayından çox olarsa, biletlər təsadüfi seçimlə paylanacaq.

Əcnəbi azarkeşlər üçün qrup mərhələsinin oyunlarına biletlərin qiyməti 250-800 Qətər rialı (69-220 ABŞ dolları), yerli sakinlər üçün isə 40 rial (11 dollar) təşkil edir.

Final matçının bileti yerli futbol azarkeşlərinə 750 riala (206 dollar), əcnəbi azarkeşlərə isə 2200-5850 riala (604-1600 dollar) başa gələcək.

Satışın ikinci mərhələsi dünya çempionatının aprelin 1-də təşkil olunacaq püşkatma mərasiminədək həyata keçiriləcək. Azarkeşlər biletləri canlı növbə prinsipi ilə əldə edəcəklər. Satışın sonrakı mərhələləri püşkatmadan sonra baş tutacaq.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Qətər tarixində ilk dəfə dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, mundial ilk dəfə Yaxın Şərqdə, eləcə də Şimal yarımkürəsində payız və qış aylarında keçiriləcək. Çempionatın final oyunu dekabrın 18-də 80 min tamaşaçı tutumuna malik Lusail şəhərindəki Milli Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.