ELM VƏ TƏHSİL
Dünya çempionatının qalibi: bu yaxınlarda Bakıda keçirilən təlim-məşq toplantısından qayıtmışam
Bakı, 20 dekabr, AZƏRTAC
Belarusda doğulsam da, uzun illərdir ki, Ukraynada yaşayıram və bu ölkənin vətəndaşıyam. Heç vaxt babalarımın torpağı ilə əlaqəni kəsmirəm. Hətta bu yaxınlarda dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilən təlim-məşq toplantısından qayıtmışam. Bu, mənə gələcəkdə nailiyyətlər qazanmaqda böyük stimul verir.
Bunu Bakı Slavyan Universitetinin (BSU) Ukraynanın Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU) nəzdində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində tələbələrlə görüşdə pankration (Şərq əlbəyaxa döyüş növü) üzrə dünya çempionatının qalibi Kənan Ələsgərov deyib. O, valideynlərinin Azərbaycandan olduğunu bildirib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə mərkəzin direktoru, uçot-iqtisadiyyat fakültəsinin dekanı, professor Marina Yurçenko və maliyyə-iqtisad fakültəsinin dekanı Lüdmila Remnyova iştirak ediblər.
Vurğulanıb ki, görüşə dəvət olunan pankration üzrə dünya çempionatının qalibləri Kənan Ələsgərov və Daniil Kozlov nəinki Ukraynada, eləcə də onun hüdudlarından kənarda da tanınırlar. Bu ilin oktyabrında Soçi şəhərində keçirilən dünya çempionatında onlar medalların tam komplektini əldə ediblər. Belə ki, Daniiel Kozlov qızıl və bürünc, ÇMTU-nun maliyyə-iqtisad fakültəsinin üçüncü kurs tələbəsi Kənan Ələsgərov isə gümüş medal qazanıb.
Sonra Kənan Ələsgərov və Daniil Kozlov həmyaşıdlarına idman karyeralarının uğur tarixçəsindən söz açıb, pankration üzrə beynəlxalq idman yarışlarında çəkdirdikləri fotoları nümayiş etdiriblər.
Sonda idmançılar tədbir iştirakçılarına Çerniqov İdman Klubunun bukletlərini və həmin klubda ikigünlük pulsuz məşq dəvətnamələrini paylayıblar.