CƏMİYYƏT
Dünya çempionu Niyaməddin Paşayev: Ata-baba yurdumuz Qubadlıda çırağımızı həmişəlik yandıracağımız günü səbirsizliklə gözləyirik
Bakı, 27 oktyabr, Leyla Qurbanova, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın və Qubadlı rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri böyük maraqla qarşılanıb. Səfər iştirakçılarından biri – dünya çempionu Niyaməddin Paşayev doğma diyarda dövlətimizin başçısı və birinci xanımla görüşü ilə bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşüb:
Mən 1980-ci ildə Qubadlının Mahruzlu kəndində dünyaya göz açmışam. Torpaqlarımızın bədnam Ermənistan tərəfindən işğalından sonra – 1993-cü ildə evimizi, elimizi, obamızı tərk etməyə məcbur olmuşuq. Amma ürəyimiz, fikrimiz həmişə doğma yurdumuzun yanında qalmışdı. Məşhur Həkəri çayının sahilində yerləşən cah-cəlallı kəndimizi uşaq və yeniyetməlik çağlarımın ən gözəl xatirələrində illərlə yaşatmışam. Müstəqilliyimizin ilk illəri xalqımız üçün çox ağır illər olub, çox böyük itkilər vermişik və yurd həsrəti bizi üzsə də, taleyə boyun əyməmişik. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyi qorunub saxlanılaraq milli barış əldə edildi və böyük inkişaf dövrü başladı. Bununla da Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Təsadüfi deyil ki, hər bir sahədə dünya arenalarında ölkəmizi layiqincə təmsil edən yeniyetmə və gənclərimiz yetişib. Bu böyük inkişaf Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünün yeni dövrünə qədəm qoydu. Azərbaycan hazırda dünyanın ən güclü dövlətlərindən birinə çevrilib. Bir il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun düşməni darmadağın edərək tarixi torpaqlarımızı – doğma Qarabağımızı azad etməsi ilə ədaləti bərpa edən ölkəmizin gücünü dünyaya bir daha nümayiş etdirdi.
Qubadlı rayonunun düşmən tapdağından azad edilməsinin birinci ildönümündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə mən də iştirak edirdim. Doğma Qubadlıda belə bir əlamətdar gündə Prezidentimizlə görüş sakinlərimizdə çox böyük qürur hissi doğurdu. Hamının gözündə sevinc göz yaşları ilə yanaşı, viranə qalan, demək olar ki, xarabazara dönən yurdumuzun bu halından doğan təəssüf hissləri də açıq-aydın görünürdü. Mənfur düşmən kəndi dağıtmaqdan ürəyi soyumayıb, təbiətin bağrına çalın-çarpaz dağ çəkib. Nəinki xəyallarımda yaşatdığım kəndimdən əsər-əlamət qalmayıb, hətta təbiət belə kor qalıb. Həmin qollu-budaqlı ağaclardan, yam-yaşıl yamaclardan, otlu-çiçəkli çöllərdən əsər-əlamət belə qalmayıb.
Sakinlərimizlə görüşdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaxın zamanlarda Qubadlıda gözəl və müasir şəhərin, eyni zamanda, abad və müasir standartlara cavab verən kəndlərin istifadəyə veriləcəyini bildirdilər. Biz əminik ki, o gün artıq yetişib. Ata-baba yurdumuzun – doğma Qubadlımızın çırağını həmişəlik yandıracağımız günü səbirsizliklə gözləyirik. Bu gün Qarabağda aparılan nəhəng və analoqu olmayan sürətli quruculuq işləri bu günün çox yaxında olduğunu göstərir.