SİYASƏT


“Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Sammit 2019-cu il noyabrın 14-15-də keçiriləcək

Bakı, 11 aprel, AZƏRTAC

Prezident İlham Əliyev “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Baş nazirin müavini Əli Əhmədovun sədrlik edəcəyi, 19 üzvdən ibarət Təşkilat Komitəsi “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.

“Dünya dini liderlərinin II Bakı sammiti” 2019-cu il noyabrın 14-15-də keçiriləcək.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Bu baxımdan, 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar.

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi aktuallıq kəsb edən məsələlərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.