SİYASƏT


Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha şahidi oldu

Bakı, 28 fevral, AZƏRTAC

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə 4 saatdan artıq mətbuat konfransı keçirdi. Mətbuat konfransının məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməmişdir. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və beynəlxalq aləmə bir mesaj vermiş oldu ki, bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır. Prezident diqqətə çatdırdı ki, bütün dünya Xocalı soyqırımını tanımalıdır və bu cinayəti törədənlər cəzalandırılmalıdır. Bütün dünya mətbuat konfransında 4 dildə jurnalistlərin suallarını dəqiq, səlis və məntiqli cavablandıran Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun şahidi oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, nə qədər acınacaqlı olsa da, son zamanlaradək ermənilər informasiya sahəsində yalan və iftiralarla dominantlıq edirdilər. Prezident İlham Əliyev müharibə dövründə 30-dan çox xarici KİV-lərə verdiyi müsahibə və fevralın 26-da keçirdiyi mətbuat konfransı ilə bu dominantlığa da son qoydu: “Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırdı və informasiya sahəsində də Ermənistanı tam məğlub etmiş oldu. Hərbi-siyasi qələbələrimiz informasiya platformasında da uğurla davam etdirilir. Prezident mətbuat konfransında qeyd etdi ki, biz yeni reallıq yaratmışıq və indi hər kəs bu reallıqla barışmalıdır. Ermənistan da bu reallıqlarla barışmalı və şərtlərimizi gəbul etməlidirlər.

Mətbuat konfransında Prezident bir sıra məsələlərə də aydınlıq gətirdi. Həm işğal zamanı, həm də müharibə dövründə ermənilərin törətdikləri vəhşilikləri, azərbaycanlılara məxsus müqəddəs yerlərin təhqir edilməsini jurnalistlərin diqqətinə çatdırdı və bildirdi ki, bütün bu faktları onlar öz ölkələrində işıqlandırmalıdırlar. Həmçinin Prezident İlham Əliyev müharibədən əvvəl və sonrakı dövrlərdə Ermənistanın baş naziri Paşinyanla qurulan təmaslar haqqında ətraflı məlumat verdi. Ermənistan rəhbərliyinin ikiüzlüyünü və yalanlarını açıq şəkildə hamının diqqətinə çatdırdı”.

K.Əliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Azərbaycan-Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da bağlanmış üçtərəfli Bəyanatın detalları barədə də jurnalistlərin suallarına ətraflı məlumat verib. Prezident qeyd edib ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq: “Prezident bununla da həm Ermənistan, həm də Azərbaycandakı bəzi qaragüruh siyasi qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri fikirlərini alt-üst etdi. Bu gün Ermənistanda siyasi vəziyyət demək olar ki, dövlət çevrilişi həddinə çatıb. Xarici jurnalistin Ermənistandakı vəziyyətə dair və orada hakimiyyət dəyişərsə üçtərəfli sazişin pozulmasına gətirib çıxara bilərmi sualına, Prezident İlham Əliyev orada baş verənlərin ermənilərin daxili işləri olduğunu və Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, üçtərəfli bəyanatın şərtlərini pozmağa hüququnun olmadığını qeyd etdi və bildirdi onların buna nə siyasi iradəsi, nə də gücü çatmaz.

Doğrudan da, Azərbaycan istər siyasi arenada, istərsə də hərb meydanında Ermənistana elə zərbə vurub ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Ermənistan buna cürət etməz. Çünki onlar bu Vətən müharibəsində Azərbaycanın necə güclü və qüdrətli dövlət olduğunun şahidi oldular. Ermənistanda revanşist fikrə düşənlər ancaq hakimiyyətə gəlmək üçün bu cür cəfəng fikirlər söyləyirlər”.

Kamilə Əliyeva deyib ki, brifinqdə Prezident Qarabağın gələcək inkişafından və burada görüləcək quruculuq işləri haqqında da öz fikirlərini bölüşdü, eləcə də gələcəkdə regionda yerləşən dövlətlərlə sıx əlaqələrin yaradılacağından, iqtisadi, siyasi bilgilərin daha da inkişaf etdiriləcəyini qeyd etdi. Əgər Ermənistan da bu əlaqələrə qoşularsa, o da istər iqtisadi, istərsə də siyasi cəhətdən inkişaf edə bilər. Ermənistan Azərbaycanla mehriban və qonşuluq şəraitində yaşamağa üstünlük verərsə, bu iki xalqın keçmişdə olduğu kimi gələcəkdə də bir yerdə yaşaması mümkündür. Azərbaycan hər zaman bölgədə dayanıqlı sülhün və stabilliyin təminatçısı olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.