ELM VƏ TƏHSİL
Dünya ilə yarışan məktəblilərimiz
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycanlı məktəblilər bugünədək əksər beynəlxalq olimpiadalarda uğurlara imza atıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəblilərimiz bu ay ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.
Belə ki, iyulun 7-dən 14-dək İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. Səksən ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.
İyulun 11-dən 22-dək Böyük Britaniyanın Bat şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov iyulun 14-dən 21-dək Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.