DÜNYA
Dünya iqtisadiyyatı 2021-ci ilin sonunadək pandemiya səbəbindən 7 trilyon dollar itirəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Koronavirus infeksiyasının yayılması səbəbindən 2021-ci ilin sonuna qədər dünya iqtisadiyyatına dəyən ümumi zərər 7 trilyon dollara çatacaq.
AZƏRTAC “Les Echos” nəşrinə istinadla xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadçısı Lorans Bun bildirib.
“Biz 2021-ci il üçün proqnozumuzu dəyişməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətlə bərpa olunmayacaq. Biz hələ uzun müddət virusla yaşamalı olacağıq. 2021-ci ilin sonunadək dünyanın ümumdaxili məhsulu 7 trilyon dollar itirəcək. Bu, çox ciddi şokdur”, - deyə Lorans Bun qeyd edib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sentyabrın 16-da yayımladığı məruzədə koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbət məcrada inkişaf edəcəyi təqdirdə bu il dünyanın ümumdaxili məhsul həcmində əvvəllər proqnozlaşdırıldığı kimi 6 faizlik deyil, 4,5 faizlik azalmanın olacağını vurğulayıb. Həmçinin qeyd edilir ki, 2020-ci ildə dünyada istehsalatın azalma göstəricisi gözləniləndən az olub. Ekspertlərin sözlərinə görə, məhdudiyyət tədbirlərinin yumşaldılması və müəssisələrin fəaliyyətinin bərpa olunmasından sonra istehsal həcmi tez bir zamanda artmağa başlasa da, yay aylarında qlobal bərpa templəri bir qədər ləngiyib.