İQTİSADİYYAT
“Dünya iqtisadiyyatı və Azərbaycan” adlı kitab işıq üzü görüb
Bakı, 11 iyul, AZƏRTAC
İqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin rus dilində “Мировая экономика и Азербайджан” (“Dünya iqtisadiyyatı və Azərbaycan”) adlı kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin 2008-2016-cı illər ərzində Azərbaycanda (əsasən “İqtisadiyyat” qəzetində) və xarici ölkələrdə nəşr olunmuş məqalələri toplu halında verilib və onlara aid olan aktual baxışlar, yeni məlumatlar də əlavə olunub. Nəzərə alaraq ki, bütün oxucular tərəfindən bu məqalələri oxumaq imkanı olmayıb, müəllif onları kitab halında çap etdirmək, onlara məna ardıcıllığı vermək, dünya iqtisadiyyatının indiki vəziyyəti ilə bağlı fikirlər əlavə etmək qərara alıbdır. Onu da qeyd edək ki, kitabda məqalələrin mətni dəyişdirilmədən çap olunub.
Kitabın tematikasına müəllifin Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrində uzunmüddətli fəaliyyəti, Milli Məclisin, MDB Parlamentlərarası Assambleyasının nümayəndələri tərkibində MDB ölkələri parlamentləri üzvləri ilə çoxsaylı görüşləri, həmçinin Böyük Britaniyada, İtaliyada, Fransada, Çin Xalq Respublikasında, Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Şimali Kiprdə, Ukraynada, Latviyada, Moldovada, Qazaxıstanda və digər ölkələrdə iqtisadçı alimlər ilə dünya iqtisadiyyatının problemləri barədə müzakirələri əhəmiyyətli təsir göstəribdir. Məlumat üçün bildirək ki, müəllif dəfələrlə beynəlxalq konfranslarda və “"Bosco Conference” Beynəlxalq investisiya konfransının təqdimatlarında fəal iştirak edib.
“Dünya iqtisadiyyatı və Azərbaycan” kitabı Azərbaycanın sosial-iqtisadi modelinin uğurlu olmasından bəhs edir. Burada bildirilir ki, Azərbaycan, dünyada maliyyə və iqtisadi böhranın yaşanmasına baxmayaraq, dayanıqlı iqtisadiyyatını inkişaf etdirir.
Həmçinin işgüzar ezamiyyətlərin gedişində başqa ölkələrin iqtisadiyyatlarının xüsusiyyətləri, təsərrüfatçılığın qabaqcıl təcrübələri haqqında toplanmış məlumatlar müəllif tərəfindən dərindən təhlil edilib. Azərbaycan iqtisadiyyatı ilə onların müqayisələri aparılıb və bir çox nəticələr kitaba daxil edilərək məqalələrdə öz əksini tapıb.
Kitabdakı məqalələr Azərbaycan iqtisadiyyatının inkişafının konkret sosial-iqtisadi məsələlərindən başlamış dünya iqtisadiyyatının ümumi problemlərinə həsr olunub.
Kitab iqtisadçı alimlər, doktorantlar, magistrlər, dünya və Azərbaycan iqtisadiyyatının müasir dövrdəki problemləri maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.