İDMAN
Dünya ralli çempionatının 7-ci mərhələsində “M-Sport” komandasının pilotu qalib gəlib
Bakı, 12 iyun, AZƏRTAC
Dünya ralli çempionatının (WRC) İtaliyanın Sardiniya adasında keçirilən yeddinci mərhələsində “M-Sport” komandasının estoniyalı pilotu Ott Tanak qələbə qazanıb.
AZƏRTAC “Autosport” jurnalına istinadla xəbər verir ki, Ott Tanak yeddinci mərhələdə 19 dövrədən ibarət 313 kilometrlik məsafəni 3 saat 25 dəqiqə 15,1 saniyəyə qət edərək karyerasında ilk qələbəsinə sevinib.
“Toyota Gazoo Racing” komandasının pilotu Yari-Matti Latvala liderdən 12,3 saniyə sonra gələrək finiş xəttini ikinci keçib. Üçüncü yeri isə “Hyundai Motosport” komandasının üzvü Tyerri Noyvil tutub. O, liderdən 1 dəqiqə 7,7 saniyə gec gəlib. Son dörd ildə çempionatın qalibi və cari mövsümün lideri Sebastian Ogier (M-Sport) yarışı beşinci sırada tamamlayıb.
Beləliklə, yeddi mərhələdən sonra Sebastian Oger 141 xalla çempionatda liderliyini davam etdirir. Tyerri Noyvil 123 xalla ikinci, Ott Tanak isə 108 xalla üçüncü sırada qərarlaşıb. Yari-Matti Latvala 107 xalla dördüncü, Daniel Sordo (Hyundai Motosport) isə 70 xalla beşincidir.
WRC-nin səkkizinci mərhələsi iyunun 29-dan iyulun 2-dək Polşada keçiriləcək.