SİYASƏT
Dünya siyasətinin böyük qrossmeysteri
Bakı, 27 may, AZƏRTAC
Məşhur siyasi xadim və politoloq Zbiqnev Bjezinskinin vəfatı haqqında informasiya bu səhərin bir nömrəli xəbəri oldu. ABŞ-ın 39-cu Prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq köməkçisi, mübaliğəsiz deyə bilərik ki, ABŞ-ın bütün sonrakı rəhbərlərinin qulaq asdığı Zbiqnev Bjezinskinin ölümü haqqında xəbəri mərhumun qızı Mika Bjezinskaya özünün “Instagram” səhifəsində yazıb.
“The New York Times”ın məlumatına görə, Z.Bjezinski 89 yaşında ABŞ-ın Virciniya ştatında vəfat edib. Son illər o, Amerika Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edib, Vaşinqtonda Cons Hopkins Universiteti yanında Pol Nitse Müasir Beynəlxalq Tədqiqatlar Məktəbində dərs deyib, “Freedom House” təşkilatının və Amerika Humanitar və Təbii Elmlər Akademiyasının üzvü olub.
1928-ci il martın 28-də Varşavada doğulan Z.Bjezinski 1938-ci ildən Kanadada yaşayıb, sonra ABŞ-a köçüb. 1950-ci ildə Makqilla Universitetini politologiya ixtisası üzrə bitirən Z.Bjezinskinin doktorluq dissertasiyası SSRİ-də totalitar sistemin formalaşmasına həsr edilib. Üç ildən sonra Harvard universitetində doktorluq dərəcəsini alıb.
“The Washington Post” qəzeti yazır ki, 1958-ci ildə ABŞ vətəndaşı olduqdan sonra Z.Bjezinski Beynəlxalq Münasibətlər Şurasının işində, sonra isə nüfuzlu siyasətçiləri və biznesmenləri birləşdirən Bilderberq klubunun iclaslarında, habelə Üçtərəfli Komissiyanın işində fəal iştirak edib.
Cimmi Karterin müşaviri vəzifəsində işləyərkən Z.Bjezinski daim antisovet mövqeyindən çıxış edib, sovet ordusu 1979-cu ildə Əfqanıstana müdaxilə edəndə əfqan üsyançılarının silahlanması təşəbbüsünü dəstəkləyib.
O, 30-dan çox kitabın, eləcə də “Böyük şahmat taxtası” kitabının müəllifidir. Bu kitabda ABŞ-ın hegemonluğundan və XXI əsrdə qüdrətə nail olmaq üçün istifadə edilə biləcək strategiyalardan danışılır.
Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan öz geostrateji mövqeyi ilə dünya dövlətlərinin diqqətini həmişə cəlb edib. 2003-cü ildə Z.Bjezinski AZƏRTAC-a müsahibəsində Heydər Əliyevlə ilk görüşündən danışıb. O, keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi tanıdığı Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik görkəmli siyasətçi olduğunu deyirdi.
XX əsrin 90-cı illərinin ortalarında Z.Bjezinski Bakıya Prezident Bill Klintonun xüsusi emissarı kimi ABŞ dövləti başçısının məktubunu gətirmişdi. “Görüş başa çatdıqdan sonra bizim, deyərdim ki, tarixi əhəmiyyətə malik müzakirəmiz oldu. Biz yalnız boru kəməri haqqında deyil, habelə Prezidentin Birləşmiş Ştatların Qafqazda və Xəzər dənizi hövzəsində strateji öhdəliklərinə sadiqliyi haqqında danışdıq”, - deyə Z.Bjezinski müsahibəsində xatırlatmışdı. Siyasətçinin qeyd etdiyi kimi, bu, çox səmərəli bir müzakirə idi, çünki hər iki ölkə üçün təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bağlı uzunmüddətli öhdəlikləri aydınlaşdırmağa imkan verdi.
Z.Bjezinski AZƏRTAC-a müsahibəsində, həmçinin Prezident Heydər Əliyevin dövlət xadimi kimi mühüm keyfiyyətlərini, Azərbaycanın dünya arenasında möhkəmlənməsində, ölkədə siyasi sabitliyin yaradılmasında əvəzsiz rolunu vurğulamışdı.
“Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”, - deyə hamının dünya siyasətinin əfsanəsi və böyük qrossmeysteri kimi tanıdığı Z.Bjezinski müsahibəsində qeyd etmişdi.