CƏMİYYƏT
Dünya skautları Bakının gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə heyran qaldıqlarını bildirirlər
Bakı, 15 avqust, AZƏRTAC
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları skaut hərəkatının inkişafı ilə tanış olur və təcrübə mübadiləsi aparır, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edirlər. Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir.
Beynəlxalq tədbirin iştirakçıları Bakı konfransının yüksək təşkilatçılığından və ölkəmizin gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən heyranlıqla danışırlar.
Konfransın Polşadan olan iştirakçısı Adam Rakovski:
-Biz əvvəlcə Qəbələdə olduq. Orada çox yaxşı vaxt keçirdik. Bakı isə ecazkar şəhərdir. Dəniz kənarını gəzmək, şəhərinizlə tanış olmaq baxımından bu konfrans dünya skautları üçün çox gözəl fürsət yaradıb.
Nigeriyalı Skot Aigbovia:
-Bakı konfransına hazırlıq səviyyəsi, insanların qonaqpərvərliyi məni valeh etdi. Konfransın təşkilatçıları öhdəliklərini yüksək səviyyədə yerinə yetiriblər. Azərbaycan hökumətinin bu konfransı yüksək səviyyədə təşkil etməsi skaut hərəkatına verdiyi dəstəyin təzahürüdür.
Sudanı təmsil edən Musaab Mahmud:
-Belə gözəl təşkilatçılığa görə təşəkkür edirəm. Çox əhəmiyyətli konfransdır. Mən Sudan televiziyasını təmsil edirəm. Bu konfrans və Azərbaycan ilə bağlı geniş reportaj hazırlayacağam.
Norveçli Freja Dohrn Ellefsen:
-Konfransın gənc iştirakçısı olaraq yaradılan şəraitdən çox razıyam. Bu böyük miqyaslı tədbirdə hər kəsdən yeni nə isə öyrənirəm, təcrübə toplayıram. Bakıya ilk dəfədir gəlirəm. Olduqca fərqli, ecazkar şəhərdir. Paytaxtınızı çox sevdim.
Yaponiyanı təmsil edən Hiroşi İvasaki:
-Möhtəşəm bir konfransda iştirak edirik. Mən çox konfranslarda olmuşam. Amma deyərdim ki, Bakı konfransı təşkilatçılığına görə ən yaxşısıdır. Müxtəlif ölkələrin nümayəndələri bir araya gələrək səmərəli müzakirələr aparır, vacib qərarlar qəbul edirlər. Paytaxtınız möhtəşəmdir. Qonaqpərvərliyinizə isə söz ola bilməz.
Konfransa Çindən qatılmış Hsiu Lan Ma:
-Azərbaycana gəldiyimə görə çox şanslıyam. Müxtəlif regionlardan insanlarla görüşürük, təcrübə mübadiləsi aparırıq. Bakı kimi gözəl bir şəhərdə bu konfransın keçirilməsi sevindiricidir.
Danimarkalı David Hansen:
-Bakı konfransında dünyanın hər yerindən iştirakçılar var. Qonaqpərvərlikdən çox razıyıq. Bakı ilə tanış olmaq bizim üçün çox gözəl fürsət oldu. Şəhəriniz, insanlar, mədəniyyətiniz, tarixiniz bizi valeh etdi.
Digər danimarkalı iştirakçı Signe Mortensen:
-Belə əhəmiyyətli tədbirdə iştirak etdiyimə görə çox şadam. Zəngin məlumatlar əldə edirəm. Bakı gözəl şəhərdir. Dünən milli mətbəxinizin dadına baxdım, çox bəyəndim.
İrlandiyadan gəlmiş Con Lalor:
-Bu konfransda müxtəlif millətlərin nümayəndələri iştirak edirlər. Bu böyük miqyaslı tədbirin belə gözəl bir şəhərdə keçirilməsi bizi çox sevindirir. Eyni zamanda, Bakını gəzmək imkanımız var.
Danimarkalı Jorgen Guldberg Rasmussen:
-Bakıdan böyük zövq alıram. Şəhərdə gördüklərim məni valeh etdi. Xüsusilə paytaxtınızın təmizliyini bəyəndim, əsl gəziləsi şəhərdir.