SİYASƏT
Dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin anadan olmasının 70 illiyi Murmanskda da qeyd ediləcəkdir
Bakı, 24 iyul (AZƏRTAC). Avqustun 17-də Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk bölməsinin ofisində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçiriləcəkdir.
Tədbirə müxtəlif milli diasporların nümayəndələri, müğənninin istedadının pərəstişkarları və jurnalistlər dəvət edilmişdir.
Rusiyanın Murmansk vilayəti hökumətinin rəsmi saytında böyük həmvətənimiz, SSRİ Xalq Artisti, bənzərsiz bariton, beynəlxalq festivallar laureatı Müslüm Maqomayev haqqında məqalə dərc ediləcəkdir. Tədbir çərçivəsində sərgi təşkil ediləcək, əfsanəvi müğənni və bəstəkarın repertuarından mahnılar səslənəcəkdir.
Qeyd etmək lazımdır ki, Müslüm Maqomayevin taleyi Murmansk ilə bağlı olmuşdur. Maqomayev Murmansk şəhərində yaşamasa da, bu şəhərin sakinləri onu özlərinə həmyerli hesab edirlər.
Böyük müğənninin anası Ayşət Maqomayeva isə Kola paytaxtında yaşamış və işləmişdir. Keçən əsrin qırxıncı illərində əksər ailələr kimi Maqomayevlər ailəsinin tarixçəsi də sadə və acınacaqlı olmuşdur.
Ayşət müharibə ərəfəsində Bakıda teatr rəssamı Maqomet Maqomayevə ərə getmişdir. 1942-ci ildə Müslüm anadan olmuş, onun atası isə cəbhəyə getmiş və 45-ci ildə Qələbədən bir neçə gün əvvəl döyüşdə həlak olmuşdur.
Dövlət Teatr Sənəti İnstitutunun Stalin təqaüdçüsü olmuş Ayşət Əhmədovna əyalət aktrisasının köçəri həyatının bütün çətinlikləri ilə üzləşmişdir.
1971-ci ildə onu Murmansk Vilayət Dram Teatrına işə dəvət etmişdilər. Bundan əvvəl Vışni Voloçek, Tver, Ust-Kamenoqorsk, Ulan-Ude və Çimkənd teatrlarında çalışmış Ayşət Maqomayeva 2003-cü ilə qədər Murmansk teatrının aktrisası olmuşdur. Burada o, yeni ailə qurmuşdur. Müslüm Maqomayevin qohumları indiyə qədər Murmanskda yaşayır.
Həmvətənlərimiz Ayşət xanımın Samoylov küçəsində yerləşən geniş mənzilində dəfələrlə onunla görüşmüş, hər dəfə ona tər gül-çiçək dəstələri bağışlamışlar.