ELM VƏ TƏHSİL
Dünya şöhrətli Çingiz Aytmatovun irsi daim yaşayacaq və nəsildən-nəslə keçəcək
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illiyinə həsr olunan “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi Çingiz Aytmatovun kitab və fotolarından ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yazıçının yaradıcılığının milli və bəşəri keyfiyyətlərindən bəhs edib. Bildirilib ki, Çingiz Aytmatov Azərbaycanda sevilən, əsərləri daim dilimizə tərcümə olunaraq müxtəlif nəşriyyatlarda dəfələrlə çapdan çıxan nadir yazıçılardandır. Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun dünya miqyaslı şəxsiyyət olduğunu vurğulayan İ.Həbibbəyli diqqətə çatdırıb ki, yazıçı istər qırğız, istərsə də rus dilində bədii ədəbiyyatın ən gözəl nümunələrini yaradıb. 1952-ci ildən Çingiz Aytmatovun bu dillərdə ilk əsərləri çap olunsa da, onun imzasının oxucular arasında tanınması Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra başlayıb. Dövlətin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülmüş Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı olub. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunub. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub.
Akademik bildirib ki, Çingiz Aytmatov Azərbaycana səfərindən xüsusi qürur duyub. Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib. Çingiz Aytmatov isə Ulu Öndərin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində qeyd edib. O, Azərbaycanda baş verən intibahdan qürur duyduğunu dəfələrlə bildirib, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri türk dünyasının böyük nailiyyəti hesab edib. İ.Həbibbəyli deyib: “Dünya şöhrətli Çingiz Aytmatovun irsi daim yaşayacaq və nəsildən-nəslə keçəcək”.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseyinov türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun Azərbaycanın dostu olduğunu vurğulayıb. Yazıçının Azərbaycana dəfələrlə səfər etdiyini xatırladan D.Kaseyinov diqqətə çatdırıb ki, 2018-ci il Qırğızıstanda “Çingiz Aytmatov ili” elan edilib və buna əsasən silsilə tədbirlər təşkil olunur.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupov Çingiz Aytmatovun yerli dəyərlərə və mədəniyyətə böyük önəm verdiyini, cəmiyyətin mənəvi və etik dəyərlərinə söykənən əsərlər yaratdığını söyləyib, onun beynəlxalq aləmdə türk dünyasının mədəni irsinin tanınmasındakı rolunun danılmaz olduğunu bildirib. Vurğulanıb ki, Çingiz Aytmatov dəfələrlə Azərbaycanda səfərdə olub, Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov görkəmli yazıçı ilə dostluğundan, görüşlərindən danışıb və xatirələrini bölüşüb.
Rusiyanın Əməkdar Elm Xadimi, professor V.Aqanesov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi və digər çıxış edənlər Çingiz Aytmatovun dünya ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, görkəmli yazıçının Prezidenti İlham Əliyev ilə görüşündən, dövlətimizin başçısının onu “Dostluq” ordeni ilə təltif etməsindən danışıblar. Vurğulanıb ki, Çingiz Aytmatov sözün əsl mənasında bəşəri yazıçıdır. Belə olmasaydı, onun ölməz əsərləri bütün dünyada çap edilməzdi. Çingiz Aytmatov bu gün də çap olunur və öz əsərləri ilə oxucuları heyrətləndirir.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, Çingiz Aytmatov qırğız xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahi yazıçıdır. Qırğız və dünya ədəbiyyatını hiss ediləcək dərəcədə zənginləşdirən əsərlər yazmağa müvəffəq olmuş Çingiz Aytmatov ən yüksək fəxri adlara və mükafatlara layiq görülüb, ədib SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı kimi tanınıb. Onun əsərləri müxtəlif dillərə tərcümə edilərək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunur. Qırğız ədəbiyyatının klassiklərindən olan Çingiz Aytmatovun “Əlvida”, “Ağ paroxod”, “Dəniz kənarı ilə qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Edam kötüyü” və digər əsərləri ona həqiqi şöhrət gətirib.
AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərli Çingiz Aytmatovla bir sıra tədbirdə birgə iştirak etdiklərini, görkəmli yazıçıdan dəfələrlə müsahibələr aldığını bildirib. Diqqətə çatdırıb ki, Özbəkistanda Çingiz Aytmatovun əsərlərinin 70 faizi çapdan çıxıb.
Sonra Rusiya Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırovun, filologiya elmləri doktoru, professor Leyla Gərayzadənin “Çingiz Aytmatovun yaradıcılığında ümumbəşəri problemlər”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Çingiz Aytmatovla yeniləşən dünya nəsri”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının “Çingiz Aytmatovun yaradıcılığında insan və təbiətin dialektikası”, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənin “Əsrə bərabər gün” romanında üslubi kontekst: Boranlıdan kosmosa qədər” mövzularında məruzələri dinlənilib.
Sonda Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Çingiz Aytmatova həsr olunan xüsusi buraxılışı ictimaiyyətə təqdim olunub.