REGİONLAR
Dünya şöhrətli azərbaycanlı alim Naxçıvan Dövlət Universitetində vebinar keçib
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Yaponiyada yaşayan həmyerlimiz, elektronika üzrə elmlər doktoru, professor Xəlil bəy Kələntər Naxçıvan Dövlət Universitetində növbəti vebinarı keçib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “İstiqamətli proyeksiya ekranının optik dizaynı” adlı vebinarda alim proyeksiya ekranları barədə danışıb və ilk dəfə belə ekranların tətbiqinin verə biləcəyi mənfəəti açıqlayıb.
Alim qeyd edib ki, son illər sürətlə böyüyən bu displeylər kiçikdən böyük ölçülərə, aşağıdan yüksək parlaqlığa qədərdir. Hazırda kiçik ölçülü proyektorlar yaxın gözlü ekranlar, geyilə bilən displeylər, kiçik qrup görüşləri, fərdi istifadə, avtomobil salonu və əyləncələr üçün daha cəlbedicidir.
Xəlil bəy Kələntər onu da vurğulayıb ki, əvvəlki illərdə kiçik toplantılarda şəxsi istifadə, avtomobil dayaqları və göz proyeksiyası üçün funksional proyeksiya ekranı hazırlayıb və bu sonrakı mərhələlərdə inkişaf etdirilib. Qeyd edilib ki, ekran projektordan gələn işığı sabit bir bucaq altında əks etdirir və bu işıq müəyyən bir bucaq aralığında yayılır. Nəticə etibarilə əyilmə və yayılma bucağı görüntüsünün dəyişdirilməsi ekranın xüsusiyyətlərinin xeyli yaxşılaşmasına səbəb olur ki, bu da ekranda yeni tətbiqlərə yol açır.
Sonda müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.