MƏDƏNİYYƏT
“Dünya şöhrətli bəstəkar” adlı videoçarx Arif Məlikovun yaradıcılığına həsr olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı görkəmli bəstəkar, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü Arif Məlikovun həyat və yaradıcılığı haqqında "Dünya şöhrətli bəstəkar" adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda bəstəkarın həyat yolu və yaradıcılığı geniş şəkildə əksini tapıb.
Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib.
Həmin ildən ömrünün sonuna kimi Bakı Musiqi Akademiyasında dərs deyib, professor və bəstəkarlıq kafedrasının müdiri olub. Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, yaradıcılıq etibarilə simfonistdir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində, məşhur konsert salonlarında, tanınmış musiqiçilər tərəfindən ifa olunub.
Bəstəkarın kino musiqisi də filmlərin ideyasını tamamlamaqla bərabər, onun lirik-psixoloji, fəlsəfi məzmununa xüsusi çalarlarla zənginlik gətirir.