DÜNYA


Dünyada 250 min uşaq hərbi münaqişələrə cəlb olunub

Vyana, 11 fevral, AZƏRTAC

Dünyanın müxtəlif regionlarında on minlərlə yeniyetmə oğlan və qızdan uşaq əsgər kimi sui-istifadə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BMT-nin Uşaq Fondunun (UNICEF) Avstriya nümayəndəliyi 12 fevral – Uşaq əsgərlərdən istifadəyə qarşı beynəlxalq mübarizə günü münasibətilə yayıb. Məlumatda bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində, ümumilikdə, 250 min uşaq hərbi əməliyyatlara əsgər kimi cəlb edilib. Xüsusilə, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Somali, Suriya və Yəməndə uzunmüddətli münaqişələrdə uşaqlardan döyüşçü kimi sui-istifadə edilir. Eləcə də Əfqanıstan, Mali və ya Myanmarda uşaqlar hərbi birləşmələrə yardımçı qüvvə kimi xidmət edirlər. Bununla yanaşı, uşaqlardan kamikadze kimi istifadə və onlara qarşı cinsi istismar da beynəlxalq təşkilatın tənqid hədəflərinə daxildir.

UNICEF beynəlxalq ictimaiyyəti uşaq hüquqlarının ən ağır formada pozulmasına qarşı çıxmağa və cəbhələr arasında qalan uşaqların hüquqlarının qorunması üçün həmrəylik göstərməyə çağırıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.