DÜNYA
Dünyada 400 milyon qurğu “Windows 10” əməliyyat sistemi ilə işləyir
Bakı, 29 sentyabr, AZƏRTAC
“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin geniş yayılması üzrə tapşırığın 40 faizini yerinə yetirib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, proqram nəhənginin məlumatına əsasən, 2016-cı il 26 sentyabr tarixinədək dünyada 400 milyon aktiv qurğuya “Windows 10” sistemi qurulub. “Microsoft” şirkətinin nümayəndəsi bildirib ki, korporativ müştərilər “Windows”un digər versiyaları ilə müqayisədə yeni əməliyyat sisteminə daha sürətlə keçirlər.
“Windows 10” platforması 2015-ci il iyulun sonunda ictimaiyyətə təqdim edilib. Bir ay sonra həmin platforma ilə işləyən kompyuter və başqa qurğuların sayı 75 milyona yaxınlaşıb, 10 ay sonra bu göstərici 350 milyon təşkil edib. “Microsoft” korporasiyası 2018-ci ilədək müvafiq göstəricini 1 milyarda çatdırmağı qarşısına məqsəd qoyub.
“NetMarketShare” xidmətinin məlumatına görə, cari ilin avqustunda dünyadakı fərdi kompyuterlərin 23 faizinə “Windows 10” əməliyyat sistemi qurulub.
İyulun 29-da “Windows 7” və “8.1”sistemləri ilə işləyən kompyuter sahibləri üçün bu platformanın pulsuz quraşdırılmasının dayandırılmasına baxmayaraq, “Windows 10” mövqeyini möhkəmləndirməyə davam edir.