İQTİSADİYYAT
Dünyada ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə daha çox üstünlük verilir

Bakı, 6 iyun, AZƏRTAC
Artıq dünya ölkələri sürətlə bərpaolunan alternativ enerji mənbələrinə keçidi prioritet məsələyə çeviriblər. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə daha çox üstünlük verilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov söyləyib.
Bildirib ki, hazırda dünyada elektrik enerjisinin əldə edilməsində alternativ və bərpa olunan enerji mənbələrinə nisbətən ənənəvi enerji mənbələrindən daha geniş istifadə edilir. Lakin bu nisbət getdikcə dəyişməyə doğru gedir. Hesablamalara görə, gələcəkdə dünyada alternativ enerji mənbələri elmi-texniki tərəqqi və yüksək qabaqcıl texnologiyalar sayəsində ənənəvi enerji mənbələrinə nisbətdə ən sürətli inkişaf edən enerji mənbəyi olacaq.
“Bu gün artıq ölkəmizdə bu istiqamətdə yeni strategiya formalaşıb. Bu strategiya Azərbaycanın bərpaolunun enerji mənbələri hesabına enerji istehsalını və onun ixrac məsələlərini əhatə edir. Strategiya ilk növbədə ətraf mühitə tullantıların azaldılmasına, ikincisi, tükənməyən resurslarla davamlı enerji əldə edilməyə, üçüncüsü, ənənəvi enerji mənbələrinə qənaət və yeni ixracı özündə birləşdirməyə xidmət edir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.