DÜNYA


Dünyada hərbi xərclər rekord həddə çataraq 2 trilyon dolları keçib

Tehran, 7 may, AZƏRTAC

Dünyada hərbi xərclərin artması rekord həddə çataraq 2 trilyon dolları keçib və bu tendensiya davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Dünya Problemlərinin Tədqiqi üzrə Beynəlxalq İnstitut (SIPRI) məlumat yayıb.

İnstitutun ekspertləri tərəfindən hazırlanan illik hesabatda göstərilir ki, 7 il ərzində dünyada hərbi xərclər durmadan artaraq 2021-ci ildə 2 trilyon dolları ötüb. Hərbi xərcləri artıran dövlətlər arasında ilk yeri ABŞ tutur. Rəsmi Vaşinqton 2021-ci ildə hərbi xərclərini artıraraq 801 milyard dollara çatdırıb ki, bu da əvvəlki illərlə müqayisədə 21 faiz artım deməkdir.

İkinci yerdə hərbi məqsədlərə 293 milyard dollar xərcləyən Çin gəlir. Pekin 2021-ci ildə hərbi xərclərini ötən illərlə müqayisədə 4,7 faiz artırıb. Üçüncü yeri 76,6 milyard dollar artımla Hindistan tutur. Bu dövlət keçən illərlə müqayisədə hərbi xərclərini 2,9 faiz artırıb. Rusiya isə 2021-ci ildə hərbi xərclərini 65,9 milyard dollara çatdırıb ki, bu da 2,9 faiz artım deməkdir. Sonrakı yerlərdə Böyük Britaniya, Fransa, Türkiyə və digər Avropa dövlətləri dururlar.

İnstitutun hərbi ekspertləri hesab edirlər ki, hərbi xərclərin bu qədər artımı müharibə və regional münaqişələri qaçılmaz edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.