CƏMİYYƏT


Dünyada koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb

Pekin, 24 yanvar, AZƏRTAC

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 913 nəfərə çatıb. Onlardan 897-si və ölüm hallarının hamısı (26) Çində qeydə alınıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, virusa ən çox yoluxma və ölüm halları virusun aşkarlandığı Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verib. İndiyədək 35 nəfərin müalicədən sonra vəziyyətinin yaxşılaşdığı və xəstəxananı tərk etdiyi bildirilir.

Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.

Xubey vilayəti ilə yanaşı, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, habelə Cıcian, Quandun, Xunan, Ahnuy, Siçuan, Ciansi, Yünnan və Quycou vilayətlərində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çin ordusunun həkimlər qrupu koronavirusun səbəb olduğu sətəlcəmin yayılmasına qarşı mübarizə tədbirləri üçün hazır vəziyyətə gətirib. Yayılan məlumatlara görə, artıq hərbi həkim briqadası virusun episentri olan Uxan şəhərinə yola salınıb.

Bundan başqa, Çinin bir neçə şəhərindən həkim briqadaları Uxana ezam olunublar. Şanxaydan 405, Quandun vilayətindən isə 205 tibb işçisinin Uxanda sətəlcəmlə mübarizəyə cəlb olunması qərara alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.