DÜNYA


Dünyada narkotik vasitələrdən istifadə nəticəsində ölənlərin sayı artıb

Vyana, 27 iyun, AZƏRTAC

Dünyada narkotik vasitə istifadəçilərinin sayı ilbəil artmaqdadır və narkotiklərin istehlakı da öz növbəsində ölüm hallarının sayını artırır. 2017-ci ildə dünyada azı 585 min insan narkotik vasitələrdən istifadə və ya narkotiklərin törətdiyi xəstəliklər nəticəsində dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi tərəfindən yayılıb. Qurumun ekspertlərinin hazırladığı hesabatda göstərilir ki, 2017-ci ildə dünya üzrə 271 milyon insan çətənə, kokain, opiodlar, sintetik və psixotrop maddələrdən mütəmadi istifadə edib. Bu rəqəm isə 2009-cu illə müqayisədə 30 faiz artım deməkdir. Ekspertlərə görə, 2017-ci ildə dünyada 15 və 64 yaş arasındakı əhalinin 5,5 faizi narkotik vasitələrin ilkin istifadəçisi olub.

Çətənə aludəçilərin ən çox istifadə etdiyi narkotik vasitə olaraq qalır. Dünyada azı 188 milyon insan mütəmadi çətənə istifadəçidir. Bununla belə “diyazn narkotikaları”na (yeni psixoaktiv sintetik maddələr) qarşı mübarizə də öz bəhrəsini verib və bu maddələrin geniş yayılmasının qarşısı alınıb.

Hesabatda narkotika böhranı içərisində olan regionlar arasında ABŞ və Kanada ön planda dayanır. 2017-ci ildə ABŞ-da 70 min şəxs yüksək dozada narkotika qəbulundan dünyasını dəyişib. Burada fentanil kimi ağrıkəsici opiodlar geniş istifadə edilir. Heroin və kokain istehsalının artımı da beynəlxalq qurumu ciddi narahat edir və hesabat dövründə dünyada qeyri-qanuni kokain istehsalının 2 min tona çatdığı bildirilir. Əfqanıstan heroin üçün baza rolunu oynayan xəşiş istehsalında, Kolumbiya isə kokain istehsalında dünyanın əsas ölkəsi olaraq qalır.

Hesabatda, həmçinin qeyd edilir ki, statisktik göstəricilər müxtəlif ölkələrin rəsmi göstəricilərini əks etdirir və təəssüf ki, real vəziyyət daha acınacaqlıdır. Narkotika istifadəsinə görə müalicəyə ehtiyacı olan insanların sayının 30 milyondan 35 milyona yüksəlməsi də preventiv tədbirlərə xüsusi diqqət verilməli olduğunu göstərir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.