DÜNYA
Dünyada ölkədaxili məcburi köçkünlərin sayı 59 milyonu ötüb
Cenevrə, 19 may, AZƏRTAC
Münaqişə və təbii fəlakətlər səbəbindən ötən il dünyada məcburi köçkünlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, 2021-ci ildə ölkə hüdudları daxilində yaşayış yerini tərk etmək məcburiyyətində qalanların sayı 59,1 milyon nəfər olub. Bu barədə hesabatı Beynəlxalq Daxili Köç Monitorinqi Mərkəzi (IDMC) yayıb.
Ötən il Cənubi Sahara ən çox daxili qaçqının qeydə alındığı region olub. Təkcə Efiopiyada beş milyon insan yaşayış yerini tərk etməli olub. Bu ölkədə quraqlıq və Tiqray regionundakı hərbi münaqişə qaçqınların sayını artıran amillərdir.
Konqo Demokratik Respublikası, Əfqanıstan və Myanmada da məcburi köçkünlərin sayında artım müşahidə olunub. Yaxın Şərq və Şimali Afrikada isə son on ilin ən aşağı göstəriciləri qeydə alınıb. Eyni zamanda, Çin, Filippin və Hindistan kimi ölkələrdə də ötən il təbii fəlakətlər insanları öz yaşayış yerlərindən didərgin salıb.
Ukrayna böhranını nəzərə alaraq, qurumun ekspertləri bu il məcburi köçkünlərin sayının kəskin artacağını proqnozlaşdırırlar. Ukraynada hərbi əməliyyatlar nəticəsində bu ilin iki ayı ərzində ölkədaxili məcburi köçkünlərin sayı səkkiz milyondan çox olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə