İQTİSADİYYAT


Dünyada sıxılmış təbii qaz YDM-lərinin sayı 31 mindən çoxdur

Bakı, 17 avqust, AZƏRTAC

Dünyada sıxılmış təbii qazla (STQ) (CNG - Compressed Natural Gas) işləyən nəqliyyat vasitələrinin sayı 26 milyondan, müvafiq yanacaqdoldurma məntəqələrinin (YDM) sayı isə 31 mindən çoxdur.

AZƏRTAC Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistik məlumatlarına istinadla xəbər verir ki, son illərdə təbii qaz istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb. Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və digər Avropa ölkələrini görmək olar.

Qeyd edək ki, Azərbaycanda hər ikisi Bakıda olmaqla “SOCAR” ilə fəaliyyət göstərən 2 STQ yanacaqdoldurma məntəqəsi var. Avqust-oktyabr aylarında Bakıda 5 ədəd STQ məntəqəsi istifadəyə veriləcək. İlin sonunadək Bakı və paytaxt ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrin sayının ümumilikdə 20-ə çatdırılması planlaşdırılır.

STQ benzin və dizellə müqayisədə xeyli ucuzdur. Xüsusilə Şimali Amerikada şist qazı hasilatının artması qlobal miqyasda STQ qiymətlərini aşağı salıb.

Hesablamalara görə, STQ avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 353 ABŞ dolları (təxminən 600 manat) aşağı salmağa imkan verir.

Koreya Respublikası, Yaponiya və Hindistan kimi ölkələrdə ətraf mühitin qorunması məqsədilə ictimai nəqliyyatda əsasən STQ ilə işləyən nəqliyyat vasitələrindən istifadə edilir. Ucuz, təmiz və ekoloji cəhətdən əlverişli olması qlobal miqyasda STQ tələbatının artmasına səbəb olur.

2017-ci ildə qlobal STQ bazarının dəyəri 76,3 milyard dollar təşkil edib və bu miqdarın 2020-ci ildə 130 milyard dollar, 2025-ci ildə 316 milyard dollar çatacağı proqnozlaşdırılır. STQ istifadəsi baxımından dünyada ən böyük bazarlardan biri də Avropa bazarıdır. Avropada STQ istehlakının artmasının ən böyük səbəbi ətraf mühit göstərilməkdədir. Belə ki, Avropa İttifaqı ətraf mühiti qorumaq məqsədilə karbon emissiyasını 2020-ci ilə qədər (1990-cı il ilə müqayisədə) 20 faiz, 2030-cu ilə qədər isə 40 faiz azaltmağı planlaşdırır.

Avropada hazırda 1 milyon 316 min STQ avtomobili mövcuddur. Bu göstəricinin qitə üzrə 2030-cu ilə qədər 15 milyona çatdırılması nəzərdə tutulur. Bu da, növbəti 10 il üçün 11 dəfədən çox artım deməkdir.

STQ avtomobillərinin sayına görə İtaliya Avropada ilk sırada, Almaniya isə ikinci yerdə qərarlaşır. Belə ki, İtaliyada 1 milyondan çox STQ avtomobilləri mövcuddur. Bu da, Avropada mövcud olan STQ avtomobillərinin təqribən 76 faizini təşkil edir. Hazırda İtaliyada istehlak edilən təbii qazın təqribən 1,3 faizi sıxılmış təbii qazdan meydana gəlir. İtaliya növbəti 10 ildə STQ avtomobillərinin sayını 3 dəfə daha artırmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.