REGİONLAR
Dünyanın 27 ölkəsinin idmançıları Qəbələdə təlim-məşq toplanışlarına başlayıblar VİDEO
Qəbələ, 16 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Sentyabrın 17-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında dünya kuboku yarışlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışlarda iştirak edəcək dünyanın 27 ölkəsindən 300-ə yaxın idmançı Qəbələyə toplaşıb. İdmançılar otellərdə yerləşdirilib, onların qidalanması və istirahəti üçün hər cür şərait yaradılıb.
Proqrama uyğun olaraq gənc atıcılar bir həftə davam edəcək mötəbər yarışlara hazırlıq məqsədilə Stend və Ox Atıcılığı Kompleksində rəsmi təlim-məşq toplanışlarına başlayıblar. Sentyabrın 17-dən atıcılığın bir neçə növü üzrə dünya kuboku uğrunda yarışlara start veriləcək. Mükafatlar uğrunda 21 yaşadək olan gənc qız və oğlanlar mübarizə aparacaqlar. Yarışlar sentyabrın 23-dək davam edəcək.
Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.