CƏMİYYƏT
Dünyanın 36 ölkəsinin radioterapiya müalicəsi üsulundan bəhrələnmək imkanı yoxdur
Bakı, 29 sentyabr, AZƏRTAC
Xərçəng xəstəliklərinin vaxtında üzə çıxarılması və onların müasir metodlarla müalicəsi ölüm hallarının azalmasında həlledici rol oynayır. Ancaq bir çox yoxsul ölkələr bu məsələni həll etmək iqtidarında deyil. XXI əsrdə 36 ölkənin radioterapiya müalicəsi aparmaq imkanı ümumiyyətlə yoxdur.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Atom Enerjisi Agentliyin (MAQATE) radioaktiv mərkəzlər üzrə yenilənmiş sorğu kitabçasında yer alıb. Radioterapiya müalicəsi aparmaq üçün aparatları olan klinika və xəstəxanaların özünəməxsus reyestri olan bu sorğu kitabçası MAQATE-nin Baş Konfransının 60-cı sessiyasında təqdim edilib. Nəşrə 141 ölkədən toplanmış məlumatlar daxil edilib.
Sorğu kitabçasının yeni portalının dizaynı təkmilləşdirilərək istifadəçilər üçün daha rahat şəklə salınıb. Burada müxtəlif ölkələr və regionlar arasındakı vəziyyəti müqayisə etməyə imkan verən məlumatlar yerləşdirilib. Qeyd edək ki, MAQATE radioterapiya mərkəzləri haqqında məlumatları hələ 1959-cu ildə toplamağa başlayıb.
Hər il xərçəng xəstəliyindən 7,6 milyon adam ölür. Bu ölümlərin 70 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Bəzi Afrika ölkələrində uşaqlıq boynunun xərçəngi və süd vəzisi xərçəngi diaqnozundan keçən beş il ərzində salamat qalan xəstələrin sayı 15 faizdən azdır. Sənayecə inkişaf etmiş ölkələrin çoxunda bu xəstəliklər bir çox hallarda müalicə olunur.
Həkimlər bildirirlər ki, onkoloji xəstəliklərə tutulanların təqribən 50-60 faizinin müalicə prosesinin bu və ya digər mərhələsində radioterapiyaya ehtiyacı olur.