CƏMİYYƏT
Dünyanın 60-dan çox ölkəsində gizli terrorçu özəkləri fəaliyyət göstərir
Moskva, 30 oktyabr, AZƏRTAC
Dünyanın 60-dan çox ölkəsində, o cümlədən Rusiya və digər MDB dövlətlərində gizli terrorçu özəkləri fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə MDB Anti-Terror Mərkəzinin nümayəndəsi Vladimir Qriqoryev Moskvada keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, gizli özəklər döyüş əməliyyatları gedən ölkələrdən qayıdan şəxslərdən ibarətdir. Döyüşlərdə iştirak etmiş silahlıların 30 faizi vətənə dönür. Sonradan onların əksəriyyəti vətəndaşları terrorçuluğa cəlb etmək, döyüş əməliyyatları zonalarına göndərməklə məşğul olurlar.
Mərkəzin nümayəndəsinin sözlərinə görə, MDB ölkələri təhlükəsizlik orqanlarının səyləri sayəsində bu ölkələrə belə şəxslərin mütəşəkkil sürətdə qayıtmasının qarşısı alınıb. Təkcə Rusiyanın Şimali Qafqaz regionunda beynəlxalq terror təşkilatlarının 20 gizli özəyi və 120-dən çox terrorçuluğa cəlb olunmuş insan aşkar edilib. Onların əksəriyyətinin gənclər olduğu bildirilir.
Mətbuat konfransında, həmçinin qeyd olunub ki, insanları terrorçu qruplaşmalara cəlb edən informasiya resurslarının əksəriyyəti Avropada yerləşir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva