SİYASƏT
Dünyanın bir sıra aparıcı KİV-ləri cəbhə bölgəsindəki hadisələri işıqlandırarkən AZƏRTAC-a istinad edirlər ViDEO
Bakı, 3 aprel, AZƏRTAC
Dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələri işıqlandırarkən AZƏRTAC-a istinad edirlər.
CNN, Türkiyənin Anadolu, Çinin Sinxua agentlikləri, Almaniyanın “Frankfurter Allgemeine”, İndoneziyanın “Rupublika” qəzetləri, Macarıstan radiostansiyaları, Misirin “Akhbar El Yom”, “Al Bawaba”, “Ona”, “Youm7”, “Al-Balad”, “Al-Dostor” nəşrləri, Çexiyanın bir sıra KİV-ləri qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, bir neçə strateji yüksəkliyin və yaşayış məntəqəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi haqqında AZƏRTAC-a istinadla məlumatlar yayıblar. Məlumatlarda Azərbaycan Silahlı Qüvvələrinin komandanlığının Ermənistan tərəfindən diversiyanın qarşısını almaq məqsədilə Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri haqqında qərar qəbul etdiyi bildirilir. Döyüşlərdə ermənilərə məxsus 6 tankın, 15-dək artilleriya qurğusunun və möhkəmləndirilmiş mühəndis qurğularının məhv edildiyi, o cümlədən yüzdən çox erməni hərbi qulluqçusunun öldüyü və yaralandığı qeyd edilir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusunun həlak olduğu, erməni mövqelərinə aviasiya zərbələri nəticəsində bir “Mi-24” helikopterinin vurulduğu və minaya düşən bir tankın sıradan çıxdığı diqqətə çatdırılır.
Məlumatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal etdiyi bildirilir. Qeyd edilir ki, beynəlxalq təşkilatların işğal altında olan ərazilərdən qeyd-şərtsiz çıxmaq barədə qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Dağlıq Qarabağı və ətraf yeddi rayonu tərk etmir.
Qoşunların təmas xəttində baş verən gərginlikləri Fransanın “Francais.rt.com”, “Rfi.fr”, “Lemonde.fr”, “Lexpress.fr”, “fr.news.yahoo.com” saytları, Rumıniyanın “PRO Tv”, “Realitatea Tv” televiziya kanalları, “Romania Libera”, Gandul, Adevarul qəzetləri, “Mediafax” və “Agerpres” xəbər agentlikləri, “Hotnews” xəbər portalı, Qırğızıstanın “Kabar” agentliyi və Ca-news portalı da işıqlandırıb.